Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixlərinin ölkəmizdə “Sülh Aylığı” elan edilməsi ilə əlaqədar “Sülh mədəniyyəti və insan hüquqlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib

16 sentyabr 2026 | 09:47
#SülhAylığı #PeaceMonth
Sülh aylığı çərçivəsində keçirilən tədbirdə Qax Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və müəssisələrin nümayəndələri, ictimaiyyət fəalları, gənclər, yeniyetmələr və rayon sakinləri iştirak ediblər.
Aylığın keçirilməsində məqsəd 21 sentyabr Beynəlxalq Sülh Gününün əhəmiyyəti, sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barəsində ictimaiyyəti məlumatlandırmaq, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.
Tədbirdə çıxış edənlər bildiriblər ki, sülh yalnız müharibənin olmaması deyil, insanların təhlükəsiz və firavan şəraitdə yaşaması, cəmiyyət daxilində qarşılıqlı hörmət və etimadın möhkəmləndirilməsi, gələcək nəsillərin sabit və təhlükəsiz mühitdə yetişdirilməsidir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz regional sülhün və sabitliyin təmin olunmasına mühüm töhfələr verir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər ölkəmizin məsuliyyətli və konstruktiv mövqeyini nümayiş etdirir.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və milli həmrəylik prinsiplərinin Azərbaycan cəmiyyətində sülh və sabitliyin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun daha da yüksəldiyi, ölkəmizin sülh gündəliyinin regional və beynəlxalq müstəvidə ardıcıl şəkildə təşviq edildiyi qeyd olunub.
Tədbirdə xüsusilə gənclərin sülh mədəniyyətinin formalaşdırılmasında rolu diqqətə çatdırılıb. Bildirilib ki, gənc nəslə tolerantlıq, humanizm, milli həmrəylik, multikultural dəyərlər və digər xalqlara hörmət prinsiplərinin aşılanması gələcəkdə daha təhlükəsiz və harmonik cəmiyyətin formalaşdırılmasının mühüm şərtidir.
Qax rayonunun tarixən müxtəlif xalqların və dini-etnik qrupların qarşılıqlı hörmət və mehribanlıq şəraitində yaşadığı məkan olduğu vurğulanaraq, bu ənənələrin qorunmasının və gələcək nəsillərə ötürülməsinin xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Tədbir çərçivəsində sülhün, milli həmrəyliyin və humanizm dəyərlərinin təbliğinə xidmət edən müxtəlif çıxışlar dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qeyd olunub ki, sülh yalnız dövlətlərin deyil, hər bir insanın qoruduğu və yaşatdığı dəyərdir. Bu baxımdan cəmiyyətdə sülh düşüncəsinin, qarşılıqlı hörmət və həmrəylik mühitinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, hər bir vətəndaşın da mənəvi məsuliyyətidir.
Keçidlər