Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə bayram tədbiri keçirilib.
Rayon rəhbərliyinin, Yeni Azərbaycan Partiyası və hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, fəal qadınların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə qadınları təbrik edərək bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm işlər görülüb. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.
Rayon rəhbəri həmçinin vurğulayıb ki, şərqdə ilk dəfə səsvermə hüququ əldə edən Azərbaycan qadınının sorağı indi ən möhtəşəm beynəlxalq təşkilatlardan gəlir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir. 8 Mart-Beynəlxalq Qadınlar Günü həm də torpaqlarımızın işğaldan azad edilməsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Artıq Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurla qeyd edir. Çünki Azərbaycan qadınının Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladlar 30 ilə yaxın düşmən işğalına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərlə ölkəmiz və xalqımızın başını uca etdi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Tədbirdə çıxış edənlər Azərbaycanın dövlətçilik tarixində qadınların rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında, Ana dilimizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətlərindən danışmış, onların qətiyyətindən, mübarizliyindən və xeyirxahlığından bəhs etmişlər.
Sonda şəhidlərimizin anaları, bacıları, qız övladları və rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakına və səmərəli fəaliyyətinə görə bir qrup qadın Rayon İcra Hakimiyyətinin hədiyyələri ilə təltif edilmişdir.
Bayram tədbiri rayonun mədəniyyət kollektivləri geniş konsert proqramı ilə davam etdirilib.






