Qax rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabın sehrinə qovuşaq!” adlı Kitab bayramı keçirilib
20 may 2026 | 12:28
Qax rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabın sehrinə qovuşaq!” adlı Kitab bayramı keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin və Səməd Vurğun adına Qax Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə kitabsevərlər, ziyalılar, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında təşkil edilən “Heydər Əliyev-103”, “Zərifə Əliyeva-103”, “Şəhərsalma və Memarlıq İli”, “Mədəniyyət – 2040”, “Əsrləri aşan kitablar”, “Uşaq ədəbiyyatı”, “Dünya ədəbiyyatı”, “Qaxlı yazarlar” və digər mövzularda kitab sərgiləri ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər mədəniyyətimizin hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb, bilik mənbəyi olan kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, kitab xalqın milli sərvətidir və bu sərvətin qorunub saxlanmasında, nəsildən-nəslə çatdırılmasında, cəmiyyətin intellektual və mənəvi potensialının artırılmasında kitabxanalar əvəzsiz rol oynayır. Azərbaycan qədim dövrlərdən başlayaraq yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb.
Sonra Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Kitab bayramı rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət Məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.
Sonda Qax MKS -də təşkil olunmuş müsabiqədə yer tutmuş iştirakçılar və kitabxana işi sahəsində fərqlənən əməkdaşlar mukafatlandırılıb.






