Qax rayonunda 17 Noyabr – Milli Dirçəliş Günü qeyd olunmuşdur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
17 noyabr 2026 | 18:04
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və gənclər iştirak edib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dəyirmi masanı RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova giriş sözü ilə açaraq bildirmişdir ki, 17 noyabr Milli Dirçəliş Günü Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi əhəmiyyətə malikdir. 1988-ci ilin noyabrın 17-də yüz minlərlə insan Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsinə, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatına, Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulmasına qarşı etiraz olaraq haqq səsini, azadlıq səsini ucaldıb ayağa qalxdı. Keçmiş SSRİ-nin və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı. 17 gün aramsız davam edən, etiraz aksiyası sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu.
1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Sovet İttifaqının hələ mövcud olduğu, milli müstəqillik ideyasının ciddi təzyiqlərlə üzləşdiyi bir vaxtda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi müstəqilliyə doğru atılmış prinsipial siyasi addım idi. Ulu Öndər Heydər Əliyev bununla Azərbaycan xalqının milli yaddaşına, Cümhuriyyət irsinə və dövlətçilik ənənələrinə sahib çıxdığını nümayiş etdirdi.
Həmçinin qeyd olunub ki,1993-cü ildə ölkədə yaranmış ağır vəziyyət Azərbaycan dövlətçiliyinin qorunmasını həyati məsələyə çevirmişdi. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Ölkədə siyasi sabitliyin bərpası, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, nizami ordunun formalaşdırılması və iqtisadi inkişafın əsaslarının yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın son onilliklərdə qazandığı nailiyyətlərin başlıca amillərindəndir. Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri, iqtisadi islahatlar, enerji və nəqliyyat strategiyası, ordu quruculuğu və beynəlxalq əməkdaşlıq Azərbaycanın regional və qlobal miqyasda mövqelərini gücləndirib. Bu inkişafın ən mühüm nəticələrindən biri 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın böyük hissəsini azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. 30 ilə yaxın mənfur düşmən tapdağı altında olan torpaqlarımız azad edildi, xalqımız Zəfər tarixini yaşadı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Natiq Allahverdiyev vurğulayıb ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsini, milli həmrəyliyini və müstəqil dövlət qurmaq əzmini özündə yaşadan əlamətdar tarixdir. Bu günün tarixi mahiyyətinin gənc nəslə aşılanması milli dəyərlərimizin və dövlətçilik ənənələrimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Rayon Ağsaqqallar Şurasının sədri Mustafa Dadaşov, rayon arxivinin müdiri Mithad Sayadov, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova tədbirdə çıxış edərək Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat veriblər. Çıxışlarda Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğulanıb, Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub






