Qax rayonunda 18 oktyabr- Müstəqilliyin Bərpası Günü qeyd olunmuşdur.
19 oktyabr 2026 | 09:28
Qax rayonunda 18 oktyabr- Müstəqilliyin Bərpası Günü qeyd olunmuşdur.
Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar rayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Sonra YAP rayon təşkilatının inzibati binasında rayon rəhbərliyi, YAP rayon təşkilatı, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dəyirmi masanı Qax Rayon İcra Hakimiyyəti başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova giriş sözü ilə açaraq bildirib ki, 18 oktyabr tarixi Azərbaycanın həyatında əlamətdar gündür – Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının otuz beşinci ildönümüdür. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir. 1991-ci ildə Azərbaycan Müstəqilliyini bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən o dövrki rəhbərliyin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması ölkənin çətin vəziyyətdə qoymuşdu. Məhz belə bir zamanda Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkədə baş verən sosial, iqtisadi və siyasi qeyri-müəyyənliyi məharətlə aradan qaldırdı, dövləti məhv olmaq, parçalanmaq təhlükəsindən qurtardı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlanıldı. Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı.
Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda ardıcıl islahatlar həyata keçirilməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və “Əsrin müqaviləsi” imzalandı. Ölkə iqtisadiyyatında dönüş baş verdi.
Həmçinin V.Heydərova qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması üçün məqsədyönlü və uğurlu siyəsət həyata keçirir . Altı il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. 2023-cü ilin sentyabr ayında isə 23 saatlıq antiterror əməliyyatları ilə ermənilərin son silahlı dəstələri məhv edildi. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin və ərazi bütövlüyünün həmişəyaşarlığına imza atdı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.
Diplomatik fəaliyyətdə cənab İlham Əliyev Azərbaycanı sülhsevər və etibarlı tərəfdaş kimi dünyaya tanıtmışdır. Beynəlxalq qurumlarla əməkdaşlıq, regional təşəbbüslər və ikitərəfli müqavilələr ölkəmizin nüfuzunu artırmışdır. Müharibədən sonra həyata keçirilən sülh danışıqları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Azərbaycanın regional sabitlikdə rolunu gücləndirmiş, Qarabağı və Şərqi Zəngəzuru inkişafın yeni mərkəzinə çevirmək üçün zəmin yaratmışdır.
Qarabağ və Şərqi Zəngəzur bu gün yeni inkişaf dövrünü yaşayır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır. Ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar. Eyni zamanda, cənab Prezidentin ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Həmin ərazilər yalnız keçmiş məcburi köçkünlərin qayıdışı ilə məhdudlaşmır, buralar həm də bugün dünyanın diqqət mərkəzindədir. Şuşa və Xankəndi şəhərlərində nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi bunun əyani sübutudur.
Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Natiq Allahverdiyev, Şəki-Zaqatala Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elvin Həsilov, Qax Rayon İcra Hakimiyyəti başçısının Ağyazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Mirzəyev, Etibar Babayev adına Qax şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İlham Sadıqov çıxış edərək 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən söz açmış, Müstəqilliyimizin əbədi, sarsılmaz və dönməz olduğunu bir daha diqqətə çatdırmışlar.






