Qax rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələri keçirilib
Qax rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələri keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Qax Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Qax rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri barədə fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.
Panel müzakirəsində açılış nitqi ilə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahənin dinamik inkişafı təmin olunub. Kənd təsərrüfatı ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, bölgələrdə məşğulluğun artırılması və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır.
Elvin Paşayev vurğulayıb ki, ölkənin əlverişli təbii-iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır, dövlət dəstəyi isə bu prosesin sürətləndirilməsində əsas amillərdən biridir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, panel müzakirələrinin keçirilməsində əsas məqsəd aqrar sahədə dövlət dəstəyi mexanizmləri barədə maarifləndirmə işlərini genişləndirmək və fermerləri mövcud dəstək proqramları ilə daha yaxından tanış etməkdir. İlk dəfə olaraq müxtəlif dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkili vətəndaşların subsidiya, güzəştli kredit, sığorta, lizinq və digər dəstək mexanizmləri barədə dolğun məlumat əldə etməsinə imkan yaradır.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov çıxış edərək kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi prosesinin əsas istiqamətləri barədə məlumat verib. O, Aqrar Subsidiya Şurasının 2026-cı il üçün açıqladığı subsidiya əmsalları, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların satışı üzrə tətbiq olunan güzəştlər, subsidiyalaşdırılan avadanlıqların siyahısının genişləndirilməsi, həmçinin AKİA tərəfindən təqdim olunan kredit və mikrokredit mexanizmləri haqqında danışıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, aqrar sahəyə dövlət dəstək mexanizmləri barədə davamlı məlumatlandırma fermer və sahibkarlar üçün bu imkanların daha əlçatan olmasına şərait yaradır. Həyata keçirilən müzakirə formatı bölgələrdə fermerlərin dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, 2020-ci ildən sonra aqrar sahəyə dövlət dəstəyi mexanizmlərinin əhatə dairəsinə azad edilmiş ərazilər də daxil edilib. Hazırda azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi üzrə ikinci investisiya müsabiqəsinə sənəd qəbulu fevralın 5-də başa çatır və sahibkarlar bu müddətədək tələb olunan sənədləri nazirliyə təqdim edə bilərlər.
Panel müzakirəsi iştirakçı dövlət qurumları və özəl təşkilatların təqdimatları ilə davam edib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesinin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, eləcə də “Rabitəbank”, “Unibank”, “Aqrar Kredit” və “FINCA Azerbaijan” bank olmayan kredit təşkilatlarının nümayəndələri fermer və sahibkarların suallarını cavablandırıblar.
Panel müzakirələrinin təşkilində Real Analitik Təhlil Mərkəzi və Azərbaycan Biznes Mərkəzi Klubu da iştirak edib. Qax rayonunda keçirilən tədbir Real TV-nin “Fermerin Real Dostu” verilişində yayımlanacaqdır.






