Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda heyvandarlıq inkişaf etdirilir

22 iyul 2026 | 10:54
Son illərdə iqtisadiyyatın mühüm sahələrindən olan qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü siyasət və müasir yanaşmalar nəticəsində kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın da yaxın illərdə də daha da inkişaf edəcəyi və Azərbaycanın iqtisadi sistemində rolunun artacağı gözlənilir.
Heyvandarlığın prioritet sahə kimi inkişafı gələcəkdə ixrac imkanlarının genişlənməsinə, aqrar sənayenin modernləşməsinə, regionların iqtisadi potensialının artmasına şərait yaradacaq. Heyvandarlığın inkişafının prioritet istiqamət kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Bu sahə ölkənin ərzaq təhlükəsizliyinin təminatçısı, kənd yerlərinin sosial-iqtisadi dayağı, aqrar sektorun aparıcı istiqaməti kimi çıxış edir.
Rayonumuzda da heyvandarlıq sahəsinin inkişafı kənd təsərrüfatı siyasətinin prioritet istiqamətlərindən biri olaraq diqqət mərkəzində saxlanılır. Bu sahədə məhsuldarlığın artırılması, damazlıq işinin təkmilləşdirilməsi, yem bazasının möhkəmləndirilməsi və müasir təsərrüfat üsullarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər nəticəsində heyvandarlıq məhsullarının istehsal həcminin artırılması və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunur.
Belə ki, 2026-ci ilin 6 ayı ərzində rayonda 3331 baş iribuynuzlu heyvan süni yolla mayalandırılmış, 1630 baş bala alınmışdır. Eyni zamanda epizootiya əleyhinə profilaktik və müalicə tədbirləri planına uyğun olaraq rayonda olan mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirilmişdir. Tədbirlər planına uyğun olaraq qarayaraya qarşı 19950 baş iribuynuzlu, 72917 baş xırdabuynuzlu, dabaq xəstəliyinə qarşı (SAT-1 daxil olmaqla)- 18950 baş iribuynuzlu, 125503 baş xırdabuynuzlu, çiçəkə qarşı- 47675 baş xırdabuynuzlu, nodulyar dermatitə qarşı -18033 baş heyvanda peyvəndlənmə tədbirləri aparılmışdır. Hazırda profilaktik və müalicə tədbirlərinin aparılması yekunlaşmaq üzrədir.
Görülən tədbirlər rayonda aqrar sahənin intensiv və davamlı inkişafı üçün əlverişli şəraitin mövcud olduğunu göstərir və bu istiqamətdə məqsədyönlü tədbirlərin icrası ardıcıl şəkildə davam etdiriləcəkdir.
Keçidlər