Qax rayonunda kənd təsərrüfatının inkişafı, aqrar sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi və 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramından irəli gələn vəzifələrin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib
15 sentyabr 2026 | 16:36
Qax rayonunda kənd təsərrüfatının inkişafı, aqrar sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi və 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramından irəli gələn vəzifələrin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Prezident Administrasiyasının məsul əməkdaşı İlqar Süleymanov Dövlət Proqramında nəzərdə tutulan tədbirlər üzrə sahibkarların təşəbbüsləri və görülən işlərlə tanış olublar.
İlk olaraq “Ulu Aqro” MMC (aqropark) tərəfindən həyata keçirilən badam və qoz emalı müəssisəsinin yaradılması layihəsinə baxış keçirilib. Ümumi investisiya dəyəri 2 milyon manat olan layihə çərçivəsində illik 18 min ton badam və qoz emal etmək gücünə malik müəssisənin qurulması və 30 yeni iş yerinin yaradılması planlaşdırılır. Hazırda mövcud tikili hazır vəziyyətə gətirilib, Türkiyə və Çin şirkətləri ilə müvafiq avadanlıqların gətirilməsi barədə danışıqlar aparılır, avadanlıqların iş prinsiplərinin öyrənilməsi üçün yerli mütəxəssislər həmin ölkələrə ezam olunublar. Avadanlıqların 2027-ci ilin iyun-iyul aylarında gətirilməsi, layihənin isə 2028-ci ilin may ayında yekunlaşdırılması nəzərdə tutulur.
Daha sonra sahibkar Muradov Elnur Bədrəddin oğlunun təsərrüfatına baxış keçirilib. 255 min manat investisiya həcminə malik layihə çərçivəsində yeni 50 hektar sahədə 6 ədəd pivot suvarma sistemi qurulmaqla məhsuldarlığın artırılması hədəflənir. Təsərrüfatda artıq 6 ədəd pivot quraşdırılıb və hazırda enerjinin daimi verilməsi üçün transformatorun qurulması istiqamətində işlər davam etdirilir.
Səfər zamanı “Tam Aqro” MMC tərəfindən icra olunan strateji layihələrlə də tanışlıq olub. Şirkət tərəfindən 3,02 milyon manat investisiya ilə illik 50 min ton yüksək reproduksiyalı taxıl toxumu istehsal edəcək toxum emalı zavodu yaradılır (10 yeni iş yeri). Zavod üçün bina inşa edilib, 3 binanın layihələndirmə işlərinə başlanılıb və Türkiyə Respublikasından 0,3 milyon manat dəyərində avadanlıqlar gətirilib. Şirkətin digər layihəsi isə 2,38 milyon manat investisiya ilə yeni 500 hektar sahədə 10 ədəd pivot qurulmaqla ərzaqlıq buğda istehsalını artırmaqdan ibarətdir (23 yeni iş yeri).
Bundan başqa, sahibkar Səfərov İsrafil Əhməd oğlunun quş əti (qaz əti) istehsalı layihəsinə baxış keçirilib. 80 min manat investisiya ilə 80 min ədəd ətlik qazın yetişdirilməsini və 20 iş yerinin yaradılmasını nəzərdə tutan layihə üzrə quşların saxlanılması üçün yüngül konstruksiyalı konteynerlərin gətirilməsi planlaşdırılır, hazırda kredit imkanları araşdırılır.
Sahibkar Tarverdiyev Hüseyin Yusif oğlu tərəfindən 700 min manat investisiya ilə yaratmış 1,2 min tonluq meyvə-tərəvəz saxlama soyuducu anbarı kompleksinə baxış keçirilib. 20 yeni iş yerinin yaradılacağı layihə üzrə mövcud bina hazır vəziyyətə gətirilib və Türkiyə istehsalı olan avadanlıqların alınması üçün smeta layihəsi tərtib olunub.
Baxış zamanı əkin sahələrinin səmərəli istifadəsi, məhsuldarlığın artırılması, müasir aqrotexniki tədbirlərin tətbiqi, suvarma imkanlarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, fermer təsərrüfatlarının inkişafı, eləcə də aqrar sahədə müasir texnologiyaların tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib.
Fermer və təsərrüfat sahibləri ilə görüşlər zamanı onların fəaliyyətinə təsir göstərən məsələlər dinlənilib, mövcud imkanlar və ehtiyaclar müzakirə olunub. Eyni zamanda, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə, istehsalın genişləndirilməsi və məhsulların bazara çıxış imkanlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Monitorinq zamanı vurğulanıb ki, qarşıdakı dövrdə əsas məqsəd Qax rayonunun aqrar potensialından daha səmərəli istifadə etməklə istehsal həcminin və məhsuldarlığın artırılması, kənd təsərrüfatında müasir yanaşmaların geniş tətbiqi, fermerlərin fəaliyyətinin stimullaşdırılması və kənd yerlərində məşğulluğun artırılmasıdır.
Monitorinqin nəticələri təhlil edilərək müəyyən edilmiş məsələlərin aidiyyəti qurumlarla birgə həlli və 2026–2030-cu illər üzrə müəyyənləşdirilmiş tədbirlərin Qax rayonunda ardıcıl və səmərəli icrasının təmin olunması istiqamətində müvafiq işlərin davam etdirilməsi nəzərdə tutulub.






