Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda kiçik və orta biznes subyektlərinə dövlət dəstəyi və "KOB Dostu"nun fəaliyyəti

04 aprel 2026 | 11:03
İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın dəstəklənməsi və inkişafı istiqamətində mühüm işləri yerinə yetirmək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə rəhbərliyinin müvafiq fərmanları ilə yaradılmışdır. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Agentlik, kiçik və orta biznes subyektlərinin rəqabət qabiliyyətinin artırılmasına, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə və dövlət-sahibkar münasibətlərində səmərəli əlaqələndirmənin təmin edilməsinə xidmət edir. Qurumun əsas hədəflərindən biri də "KOB Dostu" mexanizmi vasitəsilə regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq və bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.
Bu strateji hədəflərin yerlərdə icrası məqsədilə 21 iyul 2022-ci il tarixdən etibarən fəaliyyətə başlayan Qax "KOB Dostu" ofisi rayonun iqtisadi potensialının reallaşdırılmasında mühüm platformaya çevrilmişdir. Ötən dövr ərzində ofis tərəfindən sahibkarlarla 1300-ə yaxın görüş keçirilmiş, biznes subyektlərindən daxil olan 500-ə yaxın yazılı və şifahi müraciət, təklif və şikayət operativ şəkildə araşdırılmışdır. Dövlət-sahibkar dialoqunun gücləndirilməsi məqsədilə 50-dən çox geniştərkibli tədbir təşkil olunmuş, sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində görülən işlər nəticəsində 15 milyon manatdan artıq güzəştli kredit əlçatanlığının təmin olunması üçün müvafiq əlaqələndirmə və dəstək tədbirləri həyata keçirilmişdir.
Rayonun kənd təsərrüfatı və sənaye potensialının brendləşdirilməsi istiqamətində də əhəmiyyətli nəticələr əldə olunmuşdur. Xüsusilə arıçılıq sahəsində fəaliyyət göstərən 12 sahibkarlıq subyektinin brendləşmə prosesinə birbaşa dəstək verilmiş və onlardan 4-nün məhsullarının iri supermarket şəbəkələrinə çıxışı, habelə yerli və xarici sərgilərdə aktiv iştirakı təmin edilmişdir. "Sarı Pətək" bal brendinin Əqli Mülkiyyət Agentliyindən müvafiq sertifikat alması, "Qurubəy" MMC və "Boss Life" MMC-nin biznes əlaqələrinin qurulması, həmçinin "Uluagro" MMC-nin İnvestisiya təşviqi sənədini əldə etməsi istiqamətində ofis tərəfindən birbaşa institusional dəstək göstərilmişdir.
Eyni zamanda, sosial sahibkarlığın və qadın məşğulluğunun artırılması məqsədilə müxtəlif donor təşkilatları ilə birgə layihələr icra olunmuşdur. Bu əməkdaşlıq çərçivəsində 20-dən çox qadın sahibkarın maliyyə və avadanlıqla təmin olunmasına nail olunmuş, nəticədə rayonda 16 yeni xidmət və ictimai iaşə obyekti fəaliyyətə başlamışdır. Bundan əlavə, KOBİA-nın qrant müsabiqələri üzrə 8 layihə icra edilmiş və onlardan biri təxminən 20 min manat məbləğində qrant qazanaraq uğurla reallaşdırılmışdır. Aqroturizmin inkişafına yönəlmiş "Şəhərdən Kəndə" layihəsi üzrə hazırda 2 sahibkara dəstək göstərilir və bu sahədə 20-yə yaxın yeni layihənin işlənilməsi davam etdirilir.
Qax Rayon İcra Hakimiyyəti ilə qurulmuş səmərəli əməkdaşlıq sayəsində mütəmadi olaraq baramaçılıq, qida istehsalı, mineral suların qablaşdırılması və turizm sektorları üzrə silsilə görüşlər təşkil edilir. Cari ilin fevral və iyul aylarında keçirilən görüşlərlə yanaşı, 23 dekabr 2025-ci il tarixdə Qax Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayevin və aidiyyəti dövlət qurumlarının iştirakı ilə keçirilən geniştərkibli toplantıda investorların qarşılaşdığı çətinliklər və gələcək perspektivlər ətraflı müzakirə olunmuşdur. Həyata keçirilən bütün bu kompleks tədbirlər Qax rayonunda biznes mühitinin saflaşdırılmasına, yerli istehsalın artırılmasına və yeni iş yerlərinin açılmasına birbaşa töhfə verir.
Keçidlər