Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma mövsümü və selə qarşı mühafizə tədbirləri ardıcıl sürətdə davam etdirilir
Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma mövsümü və selə qarşı mühafizə tədbirləri ardıcıl sürətdə davam etdirilir
Qax rayonunda kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunması, əkin sahələrinin suvarma suyu ilə vaxtında təmin edilməsi və çaylarda sel sularının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi (SMSİİ) tərəfindən kompleksi meliorativ və irriqasiya tədbirləri həyata keçirilir.
Nəzərə almaq lazımdır ki, rayonda mövcud olan 21 min 358 hektar suvarılan torpaq sahəsinin su təminatı 7 su mənbəyi, 2 nasos stansiyası, 89 artezian və 98 subartezian quyusu vasitəsilə həyata keçirilir. Həmin mənbələrdən götürülən suyun əkin sahələrinə çatdırılması idarənin balansında olan 92.4 kilometr uzunluğunda əsas kanallar və inzibati ərazi dairələrində mövcud olan 284.9 kilometr təsərrüfatdaxili kanallar vasitəsilə təmin olunur.
Vegetasiya suvarması dövründə suvarma suyundan maksimum faydalı istifadə edilməsi, su ötürücü və baş qurğuların işlək vəziyyətdə saxlanılması məqsədilə idarə tərəfindən 2026-cı il üzrə planlı hazırlıq işləri aparılmışdır. Bu çərçivədə rayonun Almalı, Kazbek-1, Qıpçaq, Ziyarət, Əmircan və Heyvalı kanallarında ümumilikdə 12 min 958 kubmetr lildən və kol-kosdan təmizləmə işləri icra olunaraq suyun bəndlərdən və kanallardan maneəsiz axını təmin edilmişdir.
Bundan əlavə, iyun və iyul ayları ərzində rayon ərazisinə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində bölgənin ən bolsulu və dəyişkən xarakterli çayı olan Kürmük çayında, eləcə də Ağçay, Qaşqaçay, Hamamçay, Qum və Ləkit çaylarında kəskin su artımı müşahidə olunmuşdur. Sel sularının təsirindən ətraf ərazilərin mühafizəsi üçün daha əvvəl tikilmiş bir neçə daş-beton bənddə zədələnmələr yaranmış, torpaq bəndlərin bir hissəsi isə yuyulmuşdur.
Yaranmış vəziyyətin aradan qaldırılması və yaşayış məntəqələrinin, əkin sahələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə operativ qabaqlayıcı tədbirlər görülmüşdür. Qax rayonunun Çinarlı və Qum kəndləri ərazisindən keçən Qum (Ərdəva) çayının məcrasında, habelə Süskənd kəndi ərazisində məcra tənzimləmə işləri icra olunmuşdur. Ümumilikdə 2026-cı il ərzində Hamamçay, Qaşqaçay, Kürmük, Zərnə, Ləkit, Qum və Lahıc çaylarında 51 min 410 kubmetr məcra tənzimləmə işləri aparılmış, 36 kubmetr həcmində qabion bəndlər quraşdırılaraq sahilmühafizə tədbirləri tamamlanmışdır.
Eyni zamanda, əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində də operativ addımlar atılmışdır. Ana və köməkçi su xətlərində baş vermiş 18 qəza halı idarənin texniki heyəti tərəfindən dərhal aradan qaldırılmışdır. Müvafiq texniki şərtlər əsasında 14 fərdi yaşayış evi yeni içməli su və kanalizasiya şəbəkəsinə qoşulmuşdur.
Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən sel sularına qarşı mübarizə, içməli və suvarma suyu təchizatının daha da yaxşılaşdırılması istiqamətində işlər fasiləsiz olaraq aparılır.






