Qaxda I Kitab Sərgisi keçirilib
Qax şəhərində yerləşən “İçəribazar” tarix-mədəniyyət kompleksində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB), Şəki Regional Turizm İdarəsinin və Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Oxu, Qax” devizi altında I Qax Kitab Sərgisi keçirilib. Tədbir Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, və Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb Regional Bölməsinin tərəfdaşlığı ilə reallaşıb.
Sərgidə 30-dan çox nəşriyyat öz çap məhsullarını nümayiş etdirib, 10-a yaxın yazıçı isə tədbirdə iştirak edib.
İki gün davam edən sərgidə müxtəlif nəşriyyatların kitab stendləri, yeni nəşrlərin təqdimatı, kitab satışı, tanınmış yazıçıların imza saatları təşkil olunub. Bununla yanaşı, uşaqlar üçün nağıl saatı, interaktiv və maarifləndirici oyunlar, animator şouları, uşaq və ailə zonası, rəsm guşəsi ziyarətçilərin ixtiyarına verilib.
Tədbir iştirakçıları əvvəlcə “İçəribazar” kompleksinin ərazisində qurulan kitab stendləri ilə tanış olub, müəlliflərlə görüşərək söhbətlər aparıb və müxtəlif nəşrləri münasib qiymətlərlə əldə ediblər.
Rəsmi açılış mərasimində çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, bu gün Qaxda ilk dəfə təşkil olunan kitab sərgisi və festivalı təkcə mədəni hadisə deyil, həm də maarifçiliyin, elmin və mənəvi inkişafın bayramıdır. Festivalın əsas məqsədi insanlarda mütaliə vərdişlərini gücləndirmək, gənc nəslin kitaba marağını artırmaq, cəmiyyət içində oxu mədəniyyətinin daha da inkişafına töhfə verməkdir.
Hər zaman kitab insanın ən sadiq dostu, ən etibarlı məsləhətçisi, mənəvi dünyanın zənginləşməsinin əsas mənbəyidir. Tarix boyu xalqların inkişafı elmə, biliyə və kitaba verilən dəyərlə ölçülüb. Bu gün də müasir, müstəqil Azərbaycanın tərəqqisinin əsasında təhsil, elm və intellektual inkişaf dayanır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətində gənclərin təhsili, milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətimizin inkişafı xüsusi yer tutur. Bu siyasətin nəticəsidir ki, ölkəmizdə təhsil, mədəniyyət və o cümlədən bir çox sosial layihələrin həyata keçirilməsi gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xidmət edir.
Qax rayonu tarixən müxtəlif xalqların və mədəniyyətlərin qorunduğu, tolerantlıq və multikultural dəyərlərin yaşandığı bir məkan olub. Bu gün bu festivalda bir araya gələn insanlar da həmin mənəvi zənginliyin daşıyıcılarıdır. Belə tədbirlər rayonumuzun gənclərinin dünyagörüşünun genişlənməsinə, onların vətənpərvər və savadlı vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.
Qoy Qaxda yandırılan bu mütaliə işığı daha da güclənsin, hər evə, hər ailəyə, hər gəncin qəlbinə nur saçsın.
Həmçinin tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai birliyinin rəhbəri Şəmil Sadiq, Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov, Libra kitab nəşriyyatının direktoru Veysəl Məmmədov və Zəhra Həşimova çıxış edərək belə tədbirlərin kitabın təbliği və oxu mədəniyyətinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, kitab insanı ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən zəngin bilik mənbəyi, xalqın milli sərvəti və mənəvi inkişafının əsas vasitələrindən biridir. Kitab cəmiyyətin formalaşmasında, intellektual səviyyəsinin və mədəniyyətinin yüksəlməsində əvəzsiz rol oynayır.
Tədbir Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin və Qax rayon Uşaq incəsənət məktəbinin təşkil etdiyi konsert proqramı ilə davam edib.






