Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda kənd təsərrüfatı texnikalarına dair maarifləndirici görüş və səyyar xidmət keçirilib

13 aprel 2026 | 17:54
Qax rayonunun Marsan kəndində kənd təsərrüfatı texnikalarının qeydiyyatı, texniki baxışı və sürücülük vəsiqələrinin verilməsi mövzusunda maarifləndirici görüş və səyyar xidmət təşkil olunub. Aqrar Xidmətlər Agentliyi (AXA) və Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Aqrar Xidmətlər Agentliyinin Dövlət Texniki Nəzarət şöbəsinin, Agentliyin İmtahan sektorunun, Qax RİH başçısı aparatının nümayəndələri, həmçinin Qax və Zaqatala rayonlarından olan 100-ə yaxın vətəndaş iştirak edib. Görüşdə fermerlərin texniki xidmətlərə əlçatanlığının təmin edilməsi müzakirə edilib və mövcud qanunvericilik barədə maarifləndirmə aparılıb.
Görüş zamanı mütəxəssislər tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda, kənd təsərrüfatı texnikalarının icbari sığortalanmasının vacibliyi, nəqliyyat vasitələrinin ipotekasının dövlət qeydiyyatının aparılması prosedurları və texnikaların illik texniki baxışdan keçirilməsinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Səyyar xidmət çərçivəsində vətəndaşların müraciətləri yerindəcə dinlənilib, texnikalara baxış keçirilərək sənədləşmə işlərində operativ köməklik göstərilib.
Tədbirdə xüsusi olaraq qeyd edilib ki, vətəndaşlar kənd təsərrüfatı texnikasının texniki baxışdan keçirilməsi, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, dövlət qeydiyyat nişanının və qeydiyyat şəhadətnaməsinin alınması üçün aidiyyəti üzrə rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etməlidirlər. Yekunda fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və qeyd olunan xidmətlərin səmərəli təşkili məqsədilə maarifləndirmə işlərinin davam etdiriləcəyi qeyd edilib.
Keçidlər