Qaxda “LevelUP” Karyera Forumu keçirilib!
04 may 2026 | 18:28
Karyera forumları Azərbaycanda gənclərin, tələbələrin və iş axtaranların əmək bazarına inteqrasiyasını dəstəkləyən tədbirlərdir. Burada məqsəd dəyişən əmək bazarı haqqında məlumatlandırmaq, gələcəyn peşə və bacarıqları ilə tanış etmək, karyera planlaması, innovasiyalar və iş imkanları barədə müzakirələr aparmaqdır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin təşkilatçılığı və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorunun tərəfdaşlığı ilə “Karyera planlaşdırılması və düzgün peşə-ixtisas seçimi” mövzusunda “LevelUP” karyera forumu təşkil olunub.
“LevelUP” forumunun əsas məqsədi gənclərin karyera imkanlarını genişləndirmək, onların peşəkar inkişafını dəstəkləmək və əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına töhfə verməkdir.
Forumun açılış mərasimində GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyinin əməkdaşı Elmir Həşimli və Qax şəhər E.Babayev adına 4 saylı tam orta ümumtəhsil məktəbinin direktoru İlham Sadıqov çıxış edərək ölkədə gənclər siyasəti çərçivəsində həyata keçirilən təşəbbüslərdən, gənclərin düzgün peşə seçimi və uğurlu karyera quruculuğu üçün yaradılan imkanların əhəmiyyətindən bəhs ediblər.
Panel müzakirə GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyinin əməkdaşı Elmir Həşimlinin moderatorluğu ilə davam edib. Müzakirədə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov, Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq Filialının Qax rayon xidmət şöbəsinin baş mütəxəssisi Məhəmməd Tarverdili, “Peşə Təmayüllü Siniflər”in qrup rəhbəri Təbriz Cavadzadə və “Favorit” mebel brendinin rəhbəri Elməddin Ramazanlı, Qax şəhər E.Babayev adına 4 saylı tam orta ümumtəhsil məktəbinin peşəyönümü üzrə koordinatoru Sevinc Davudova çıxış edərək gənclərlə düzgün karyera planlaşdırılması, ixtisas seçimi zamanı nəzərə alınmalı əsas meyarlar, əmək bazarının cari tələbləri, peşə təmayüllü təhsilin rolu, məşğulluq imkanları və sahibkarlıq istiqamətində mövcud perspektivlər barədə ətraflı məlumat verərək öz təcrübələrini bölüşüblər.
Forum interaktiv müzakirələr, sual-cavab sessiyası və iştirakçılarla fikir mübadiləsi şəraitində davam etdirilib.






