Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda müəllimlərin konfransı keçirilib

08 sentyabr 2026 | 12:06
Qax şəhər Namiq Allhverdiyev adına 2N-li məktəb-liseydə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qax rayonu təhsil işçilərinin 2026–2027-ci tədris ili üzrə sentyabr konfransı keçirilib.
Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, Azərbaycan Respublikası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda ötən tədris ilinin yekunlarına dair hesabat dinlənilib, rayonun təhsil müəssisələrində il ərzində görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Hesabat zamanı ötən tədris ili ərzində şagirdlərin təhsil göstəriciləri, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul nəticələri, müxtəlif fənn müsabiqələri, olimpiadalar və digər intellektual yarışlarda qazanılan uğurlar barədə məlumat verilib. Eyni zamanda, müəllimlərin peşəkarlığının artırılması, qabaqcıl təcrübənin tətbiqi və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər təhlil edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev təhsili milli dövlətçiliyin strateji dayağına çevirərək, Azərbaycanın gələcək inkişafını təmin edən güclü insan kapitalının və milli kadr potensialının formalaşdırılmasının möhkəm siyasi təməlini yaratmışdır.
Konfransda qeyd olunub ki, Ümummilli Liderin təhsil siyasətinin əsasını təşkil edən “təhsil millətin gələcəyidir” prinsipinə söykənən bu strateji xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirilir. Təhsil infrastrukturunun yenilənməsi, müasir məktəblərin yaradılması, müəllim əməyinin stimullaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal imkanların genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər dövlətin təhsilə verdiyi yüksək önəmin göstəricisi kimi dəyərləndirilib.
Çıxışlarda həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına, xüsusilə məktəbəqədər və ümumi təhsil müəssisələrinin yenilənməsinə, uşaqların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərinin xüsusi əhəmiyyəti vurğulanıb.
Konfransda diqqətə çatdırılıb ki, müasir dövrdə təhsilin qarşısında yalnız yüksək akademik nəticələr əldə etmək deyil, həm də milli dövlətçilik ideyalarına sadiq, vətənpərvər, müasir düşüncəli, intellektual və rəqabətqabiliyyətli şəxsiyyət yetişdirmək kimi mühüm vəzifələr dayanır. Bu baxımdan müəllim amili dövlətin təhsil siyasətinin həyata keçirilməsində əsas və həlledici qüvvələrdən biri kimi qiymətləndirilib.
Çıxışlarda əldə olunan nailiyyətlərlə yanaşı, mövcud problemlər də diqqətə çatdırılıb, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, zəif nəticələrin səbəblərinin araşdırılması, istedadlı şagirdlərin potensialının üzə çıxarılması, müəllimlərin metodiki və peşəkar imkanlarının genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Sonda yeni tədris ilində təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, uğurlu nəticələrin davamlı xarakter alması və rayonun təhsil sahəsində yeni nailiyyətlərə imza atması üçün qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçiriləcəyi bildirilib.
Keçidlər