Qaxda qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinə həsr olunmuş fermerlərlə görüş keçirilib
08 sentyabr 2026 | 12:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq, Qax Rayon İcra Hakimiyyətinin akt zalında fermerlər və sahibkarlarla maarifləndirici görüş keçirilmişdir.
Tədbirin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyi kimi təhlükəli zərərvericilərin yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəkləri zərərin minimuma endirilməsi, həmçinin bu istiqamətdə görülmüş işlərin nəticələrinin qiymətləndirilməsi olub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Qax RİH başçısının birinci müavini Elbrus Tağıyev, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və 150 nəfərə yaxın yerli fermer və sahibkar iştirak edib.
Görüşdə hər iki zərərvericinin aqrar sektora və kənd təsərrüfatı bitkilərinə vura biləcəyi potensial ziyanlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, zərərvericilərə qarşı mübarizə tədbirlərinin səmərəli və vaxtında təşkili regionun kənd təsərrüfatı məhsuldarlığının qorunması baxımından müstəsna əhəmiyyət daşıyır. Mütəxəssislər tərəfindən təhlükəli karantin obyektlərinə qarşı aparılan mexaniki, aqrotexniki və kimyəvi mübarizə üsulları ətraflı izah olunub.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb, zərərvericilərlə mübarizə istiqamətində qarşıdakı dövrdə həyata keçiriləcək zəruri tədbirlər müzakirə edilib.






