Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda Vətən müharibəsi şəhidi Anar Qarayevin xatirəsi anılıb

16 iyun 2022 | 17:27

    Qırx dörd günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Qax rayonunun Almalı kəndindən olan Anar Qarayevdir. İyunun 16-sı şəhid Anarın doğum günüdür. Yaşasaydı, 24 yaşı tamam olacaqdı…

      Şəhidin doğum günü ilə əlaqədar Qax Rayon İcra Hakimiyyətinin, YAP Qax rayon təşkilatının rəhbər şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin əməkdaşları, kənd sakinləri, ailə üzvləri və yaxınları Anarın Almalı kəndinin Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.

    Anım mərasimində çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Anar Qarayevin şərəfli döyüş yolundan danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğulayıblar.

    Şəhidin atası çıxış edərək, göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

   Sonra mərasim iştirakçıları şəhidin ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar.

   Anar Qarayev 1998-ci il iyunun 16-da Qax rayonunun Almalı kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Anar Qarayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər