Qaxda yay şumu işləri davam etdirilir
10 sentyabr 2026 | 10:29
Ölkənin ərzaq təhlükəsizliyi iqtisadi və milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir.
Respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Ölkədə etibarlı ərzaq təminatına nail olunması üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir.
Ölkəmizin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik sahələrdən biri də taxılçılıqdır.
Hazırda respublikanın taxıl əkilən bütün bölgələrində yay şumu işləri aparılır.
O cümlədən, rayon ərazisində taxıl biçini başa çatmış əkin sahələrində yay şumu işlərinə başlanılıb və proses təsərrüfatlar tərəfindən mərhələli şəkildə davam etdirilir.
Aqrotexniki tədbirlər çərçivəsində məhsulu yığılmış sahələrin növbəti əkin mövsümünə hazırlanması, torpağın münbitliyinin qorunması və səmərəli istifadəsi istiqamətində müvafiq işlər həyata keçirilir. Fermer və torpaq istifadəçilərinə yay şumunun optimal müddətdə və keyfiyyətlə aparılmasının vacibliyi barədə tövsiyələr verilir.
Yay şumunun vaxtında aparılması torpaqda rütubətin qorunmasına, alaq otlarının yayılmasının qarşısının alınmasına, bitki qalıqlarının torpağa qarışdırılmasına və torpağın fiziki xüsusiyyətlərinin yaxşılaşdırılmasına imkan verir. Həmçinin bu tədbir növbəti əkin üçün sahənin daha əlverişli vəziyyətə gətirilməsinə və gələcək məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərir.
Mütəxəssislərin tövsiyələrinə əsasən, suvarılan ərazilərdə taxıl yığımından sonra sahənin gecikdirilmədən hazırlanması xüsusi əhəmiyyət daşıyır. Müvafiq şəraitdən asılı olaraq əsas şumun 25–30 santimetr, ağır disklə üzləmənin isə 10–20 santimetr dərinlikdə aparılması tövsiyə olunur.
Rayonda yay şumu ilə yanaşı, torpağın növbəti əkinə hazırlanması, sahələrdə alaq otlarına və zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülməsi, bitki qalıqlarının səmərəli idarə olunması istiqamətində işlər də diqqətdə saxlanılır.
Qeyd edək ki, hazırda rayon ərazisində 4700 hektar sahədə yay şumu aparılmışdır. Yay şumunun vaxtında və keyfiyyətlə başa çatdırılması, əkin sahələrinin növbəti təsərrüfat ilinə hazırlanması və aqrotexniki tədbirlərin düzgün təşkili rayon üzrə kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.






