Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“QAXDAN QARABAĞA GEDƏN YOL”

06 iyul 2022 | 17:22

İyulun 5-də Heydər Əliyev Mərkəzində keçirilmiş “Qaxdan Qarabağa gedən yol” adlı kitabın təqdimat mərasimində şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açmış, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir.

V.Heydərova çıxışında Azərbaycanın bugünkü hərtərəfli inkişafından, o cümlədən Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə bütün sahələrdə  olduğu kimi   mütəşəkkil ordu quruculuğunda da aparılan uğurlu siyasətdən  danışdı. O qeyd etdi ki, tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.  Müzəffər Ali Baş Komandanın, Azərbaycanın qüdrətli ordusunun xalqımıza yaşatdığı qələbə sevincinin həm də birliyimizin təntənəsi olduğunu vurğulayan V. Heydərova bildirdi ki,  hər bir azərbaycanlı öz ordusu, igid oğulları ilə fəxr edir. Sözsüz, bu qələbədə ən çox payı olan Şəhidlərimizdir. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hər bir Vətən övladı bizim üçün əzizdir. Bu gün ölkəmizin hər yerində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün tədbirlər keçirilir, onların qəhrəmanlıqlarından bəhs edən kitablar yazılır. Bu kitablardan biri də sizlərə təqdim edilən “Qaxdan Qarabağa gedən yol” adlanır.     

Kitabın müəllifi X.Əfəndiyeva kitab haqqında məlumat vermiş, bir daha şəhid oğullarımızı ehtiramla yad etmişdir. Tədbirdə çıxış edən şəhid ailələri və qazilər də X.Əfəndiyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda “Qaxdan Qarabağa gedən yol” kitabı şəhid ailələrinə və rayon ziyalılarına təqdim edilmişdir.

 

Keçidlər