Qaxın “GoodAqro” müəssisəsi fəaliyyətini genişləndirir
04 aprel 2026 | 11:16
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafına göstərilən xüsusi diqqət və qayğı bölgələrdə yeni istehsal sahələrinin yaradılmasına münbit şərait yaradır. Bu dövlət dəstəyi sayəsində Qax rayonunda da yerli resursların emalı və ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atılır.
Qax rayonunun Qorağan kəndində yerləşən və meyvə qurutma sahəsində ixtisaslaşmış “GoodAqro” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət tərəfindən sahibkarlar üçün yaradılan geniş imkanlardan səmərəli istifadə edərək öz fəaliyyətini uğurla davam etdirir.
İstehsalat prosesi və məhsul çeşidi 2024-cü ilin avqust ayından fəaliyyətə başlayan müəssisə əsasən xurma qurutma prosesi üzrə ixtisaslaşmışdır. Bununla yanaşı, istehsalatda alma, üzüm, həmçinin mandarin, apelsin və kivi kimi sitrus meyvələrinin də qurudulması həyata keçirilir. Müəssisənin gündəlik emal gücü hazırda 1.5 – 2 ton civarındadır.
Əhalinin məşğulluğuna töhfə Müəssisənin fəaliyyəti rayon sakinlərinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Hazırda “GoodAqro” MMC-də 8 nəfər daimi işçi çalışır. Mövsümi işlərin həcmindən asılı olaraq isə orta hesabla 45 nəfər rayon sakini işlə təmin olunur ki, bu da bölgədə sosial rifahın yüksəldilməsinə xidmət edir.
İxrac potensialı və beynəlxalq bazarlar Yerli istehsalın xarici bazarlara çıxarılması istiqamətində müəssisə tərəfindən aktiv işlər aparılır. İxrac potensialının genişləndirilməsi çərçivəsində Çin və Yaponiya kimi strateji bazarlarla biznes-dialoqlar davam etdirilir. Artıq Yaponiya bazarına 350 kq, Çin bazarına isə 50 kq həcmində məhsul nümunə qismində göndərilmişdir. Həmçinin, Azərbaycan brendinin tanıdılması məqsədilə Rusiya və Səudiyyə Ərəbistanında təşkil olunacaq beynəlxalq sərgilərdə iştirak planlaşdırılır.
Dövlət qayğısı ilə əhatə olunan bu cür müəssisələrin fəaliyyəti rayonun iqtisadi potensialının güclənməsinə və yerli məhsulların dünya bazarlarında yer almasına birbaşa töhfə verir.






