Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Zərərvericiyə qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində qış dövründə əlaqəli dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin təşkili təmin edilib. Bu məqsədlə zərərvericinin aşkar edildiyi kəndlər üzrə dövlət orqanları arasında funksional bölgü aparılıb. Hazırda bölgü əsasında həmin yaşayış məntəqələrində zərərvericinin qışlama yerlərində aparılan monitorinqlər yekunlaşıb.
Aprel ayının ortalarına doğru hava temperaturunun yüksəlməsi ilə əlaqədar olaraq qəhvəyi mərmər bağacığının qışlama yerlərini tərk edərək əkin və bağ sahələrinə keçməsi müşahidə olunur. Bu səbəbdən zərərvericinin yayılma ehtimalının daha yüksək olduğu ərazilərdə monitorinq və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Qax rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzini tərəfindən 2026-cı il üçün 1848 ədəd yapışqan lövhəli feromon tələnin quraşdırılması nəzərdə tutulmuş və mövsümə uyğun olaraq, həmin tələlərin rayon üzrə mərhələli şəkildə yerləşdirilməsinə başlanılmışdır.
Belə ki, 11 yaşayış məntəqəsində əsasən fındıq bağlarında qışlama mərhələsindən sonra qəhvəyi mərmər bağacığının yayılma inensivliyini müəyyən etmək və zərəvericinin yetkin fərdlərinin biotexniki üsulla məhv edilməsi məqsədilə nəzərdə tutulmuş 1848 ədəd tələdən aprel ayı üzrə planlaşdırılmış 270 ədəd tələnin quraşdırılması təmin edilmişdir. Tələlərin quraşdırılması aşağıdakı qaydada aparılmışdır: Güllük kəndində 20, Fıstıqlı kəndində 10, Tasmalı kəndində 30, Turaclı kəndində 30, Marsan kəndində 30, Lələpaşa kəndində 30, Çüdüllü kəndində 30, Zəyəm kəndində 30, Lələli kəndində 20, Qındırğa kəndində 30, Qax şəhəri ərazisində isə 10 ədəd feromon tələ quraşdırılmışdır.
Həmin tələlərdə aparılmış həftəlik monitorinqlər zamanı ümumilikdə 62 tələdə 131 ədəd qəhvəyi mərmər bağacığı aşkar edilərək məhv edilmişdir. Monitorinq və mübarizə tədbirlərinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.






