“Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
19 aprel 2025-ci il tarixdə rayonda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları konfransın keçirildiyi El otelin konfrans mərkəzində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini özündə əks etdirən sərgi ilə tanış olduqdan sonra aşıq el sənəti, yallı nümunələri və Qərbi Azərbaycana aid bədii qiraət nümunələrindən ibarət kompozisiyaya tamaşa ediblər.
Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdən öncə Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev bildirdi ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Ermənilərin Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər soydaşlarımızı bu yerlərdən didərgin salıb. Xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir.
Tədbirdə çıxış edənlər Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri, Milli Məclisin Deputatı Əziz Ələkbərov, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Keşişkənd İcmasının rəhbəri, professor Mahirə Hüseynova, Milli Məclisin Deputatı Əli Məsimli, Qərbi Azərbaycan İcması Qadınlar Şurası sədri, Milli Məclisin Deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması Qadınlar Şurası sədrinin müavini Telli Pənahqızı, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədrinin müavini, Milli Məclisin Deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədrinin müavini, Milli Məclisin Deputatı Qaya Məmmədov, Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, Milli Məclisin Deputatı Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəsi Həsən Tarverdiyev vurğuladılar ki, Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr bugün özünün əsl mahiyyət və qiymətini alır. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycana qayıdışdır. Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə artıq başlanılıb və bu məqsədlə konsepsiya qəbul olunub. Bugünki konfrans da Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.