Ramazan bayramı hər bir müsəlmanın bayramıdır.
İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı, neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inam və ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş Sovet İttifaqı dövründə bütün qadağalara baxmayaraq, Ramazan bayramının qeyri-rəsmi səviyyədə keçirilməsi Ümummilli Lider Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşdı. Ulu Öndər Heydər Əliyev xalqın qəlbən tapındığı dini dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs İslam bayramlarının dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir. Ramazan bayramının da rəsmi dövlət bayramları sırasına daxil edilməsi məhz Onun təşəbbüsü və qayğısı sayəsində mümkün olmuşdur.
Təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu dövlət-din münasibətləri bu gün də uğurla davam etdirilir. Hər il Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dininin əhəmiyyətli rol oynadığını bildirən ölkə başçısı milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımızın öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxladığını, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə qeyd etdiyini bildirir.
Göründüyü kimi, Ramazan bayramı İslam dinində mövcud olan ən böyük bayramlardan biridir, bəlkə də birincisidir. Bu bayram Ramazan ayının sona çatması münasibətilə Şəvval ayının birində qeyd edilir və dini mənbələrdə "Fitr bayramı" kimi də xatırlanır.
Ramazan bayramı hər bir müsəlmanın bayramıdır. İnsanların yaşayış tərzinə və sağlamlığına öz müsbət təsirini göstərən Ramazan bayramı vəhdət, birlik, həmrəylik, sülh, barışıq, mərhəmət bayramıdır.
Rayon rəhbərliyi bayram münasibətilə bütün rayon əhalisini təbrik edir, ailələrə xoşbəxtlik, süfrələrə bol ruzi-bərəkət arzulayır.
Ramazan bayramınız mübarək olsun!






