Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ramazan bayramınız mübarək olsun

09 aprel 2024 | 17:08

Qurani-Kərimin nazil edildiyi müqəddəs Ramazan ayı bəşər mənəviyyatı tarixində dərin iz qoyan mübarək aylardandır. Dünyanın müsəlman xalqları arasında dini-mənəvi birlik duyğusunu qoruyub yaşadan, qəlblərdə iman gücünü artıran bu bayram insanları səbrli, gözəl niyyətli olmağa, savab işlər görməyə və ilahinin hikmətlərindən faydalanmağa çağırır, yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə dəvət edir.        
         Tarix boyu özünün zəngin milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq qalmış Azərbaycan xalqı dünya müsəlmanları ilə həmrəylik nümayiş etdirərək bu mübarək günləri böyük təntənə ilə qarşılayır. Din qarşısında öz vicdan borcunu yerinə yetirən və Ramazan ayının sınaqlarından alnıaçıq çıxan hər bir vətəndaşımız bu günü böyük fərəhlə bayram edir. Cəmiyyətdə birlik və bərabərliyin təntənəsinə çevrilən Ramazan bayramı ölkəmizin sabahı olan gəncliyin dərin mənəviyyata və yüksək əxlaqa sahib bir nəsil kimi Vətənə sədaqət ruhunda yetişməsində də mühüm rol oynayır.        
         Bu gün Azərbaycanın sürətli inkişafı, uğurlu xarici və daxili siyasətinin, o cümlədən dövlət və din münasibətlərinin səmərəli tənzimlənməsini şərtləndirən başlıca iki amil mövcuddur. Ulu öndərin əsasını qoyduğu sağlam bünövrə,  onun layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin həmin sağlam bünövrə üzərində həyata keçirdiyi uğurlu strategiya.
         Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.

Müstəqillik illərində Ulu öndər Heydər Əliyev Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmlənməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görmüş və bu əlaqələr, sonradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da genişləndirilərək, Azərbaycan islam ailəsinin etibarlı üzvü kimi böyük nüfuz qazanmışdır.    

Dünya dövlət idarəçilik siyasətinə yaxşı bələd olan cənab İlham Əliyev öz fəaliyyətində həmişə milli kökə bağlılığa, islami dəyərlərin, insanların mənəvi kamilliyinin formalaşdırılmasının əhəmiyyətinə diqqət verir. Ölkə rəhbəri hər il milli və dini bayramlarda xalqı təbrik edir və öz arzularını çatdırır. Ona görə də xalq bu gün öz Prezidentinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir.

Bu gün Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar və dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm tədbirlər həyata keçirilir. Bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, “Tolerantlığın Azərbaycan nümunəsi” dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib. Bakı ümumdünya problemlərini həll etmək üçün fərqli dinlərin təmsilçilərini bir araya gətirən mərkəz kimi tanınır. Hər il ölkədə bu yönümdə çoxsaylı qlobal forumlar, konfranslar təşkil olunur. Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm rol oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, islam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.      

 Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət etmiş, dünyaya təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası  dialoq, dinlər və mədəniyyətlərarası əməkdaşlığın inkişafına öz töhvəsini vermişdir.

Milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin   təmin olunmasında mühüm rolu vardır və 44 gün davam edən Vətən Müharibəsində qazanılan böyük Zəfərdə bu ali dəyərlərin də xüsusi rolu olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, rəşadətli Ordumuzun gücü, xalqımızın milli ruh yüksəkliyi və milli-mənəvi həmrəyliyimizin vəhdəti nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalmış Qarabağ öz doğma sahiblərinə – xalqımıza qaytarıldı. Siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətənimiz uğrunda bənzəri olmayan həmrəylik nümayiş etdirdi. Xalqın ölkənin liderinə dərin inamı, cəmiyyətimizdəki siyasi, milli və dini həmrəylik qələbəmizin təminatında çox mühüm rol oynadı.

İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı artıq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində böyük fərəh və könül xoşluğu ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.

      Bu gün mənfur düşmənlər tərəfindən dağıdılmış dini abidələrimiz, məscidlərimiz yenidən bərpa olunur. Minarələrdən azan səsləri yüksəlir, əzəli və əbədi torpaqlarımız öz əsl sahiblərini qarşılayır, bu torpaqlarda sülhün, əmin-amanlığın bərqərar olmasından xəbər verir.   

         Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız bu günlərdə Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da Ramazan ayı ərzində  xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, iftar süfrələri açılır,  şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir.           
       Rayon rəhbərliyi Ramazan bayramı münasibətilə bütün rayon əhalisini təbrik edir, ailələrə xoşbəxtlik, süfrələrə bol ruzi-bərəkət, əziz bayram günlərində dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını diləyir.

                                                                                                                       

Keçidlər