Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayon Ağsaqqallar Şurasının növbəti hesabat-seçki konfransı keçirilib

05 iyun 2024 | 16:16

5 may 2024-cü il tarixdə  Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov, rayon Ağsaqqallar Şurasının üzvləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayon Ağsaqqallar Şurasının növbəti hesabat-seçki konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Konfransda Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin, həmçinin hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan  rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev qonaqları və  ağsaqqalları salamladıqdan sonra ölkəmizdə, eləcə də rayonumuzun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan, ağsaqqallara göstərilən dövlət qayğısından danışıb, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında ağsaqqal tövsiyəsi və məsləhətinin xüsusi əhəmiyyət kəsb etdiyini, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara daim böyük ehtiramla yanaşdığını qeyd edən M.Şəkiliyev ölkəmizdə bütün sahələrdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.

Konfransda rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Abdullayevin ötən dövr ərzində rayon Ağsaqqallar Şurası tərəfindən görülən işlər barədə  hesabat məruzəsi dinlənilib. Ağsaqqallardan Sədrəddin Nəzirov, Şövkət Babayev, Zabit Əhmədov, Tahir İsmayılov çıxış edərək ağsaqqallara dövlət səviyyəsində göstərilən hörmət və ehtiramdan, Şura üzvlərinin böyük həvəslə həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətindən bəhs ediblər. 

Sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib, yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Sonda təşkilati məsələlərə baxılıb, Rayon Ağsaqqallar Şurasının İdarə heyətinin yeni tərkibi formalaşıb. İsmayılov Tahir Əkbər oğlu rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Keçidlər