Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “8 Mart-Beynəlxalq Qadınlar Günü” qeyd edilib

07 mart 2025 | 19:15

“Konstitusiya və Suverenlik ili” çərçivəsində 7 mart 2025-ci il tarixdə rayonun Heydər Əliyev Mərkəzində “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə bayram tədbiri keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayonun fəal qadınlarının, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Vəfa Heydərova qadınları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan  Ümummilli lider Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatında, iqtisadi inkişafında fəallıqları ilə seçilən qadınlara daim qayğı ilə yanaşıb, onların cəmiyyətdəki rolunu yüksək dəyərləndirib.

Dövlət qadın siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə  yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir.

Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Şərqdə ilk dəfə səsvermə hüququ əldə edən Azərbaycan qadınının sorağı indi ən möhtəşəm beynəlxalq təşkilatlardan gəlir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir. 8 Mart-Beynəlxalq Qadınlar Günü həm də torpaqlarımızın işğaldan azad edilməsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Artıq Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurla qeyd edir. Çünki Azərbaycan qadınının Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladlar 30 ilə yaxın düşmən işğalına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərlə ölkəmiz və xalqımızın başını uca etdi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

          Tədbirdə çıxış edənlər Azərbaycanın dövlətçilik tarixində qadınların rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında, Ana dilimizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətlərindən danışmış, onların qətiyyətindən, mübarizliyindən və xeyirxahlığından bəhs etmişlər.

          Daha sonra rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edərək tədbir iştirakçılarına xoş ovqat bəxş ediblər.

 

Keçidlər