Rayonda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olundu
1 avqust 2024-cü il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə elmi-praktiki konfrans keçirilmişdir.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirmişdir ki, ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir. Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasına nail olmaqla bəyan etdi ki, ana dilinə sevgi və məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcudur. Məhz Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Həmçinin qeyd etmişdir ki, Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı kütləvi nəşrlərin latın qarafikasına keçirilməsi prosesini sürətləndirmiş və milli kitabxana fondunu zənginləşdirmişdir. Ölkə başçısının 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” , eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Çıxışlarda Azərbaycan dilinin dünya dilləri içərisində layiqli yer tutmasından, zənginliyinin və saflığının qorunmasından söz açılmışdır.
Sonra tədbir konsert proqramı ilə davam etmişdir.