Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib

28 oktyabr 2022 | 17:50

27-28 oktyabr tarixlərində Qax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib.

Qax Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova mövzunun aktuallığına diqqət çəkərək, xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olduğunu, eyni zamanda, Azərbaycan qadınlarının tariximizin bütün dövrlərində taleyüklü məsələlərin həll edilməsinə öz sanballı töhfələrini verdiyini qeyd edib. Bildirib ki, bu gün Azərbaycan qadınının fəaliyyəti ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlib.

Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışında dini radikalizm, cəhalət və xurafata qarşı mübarizədə ən effektiv vasitə olan maarifləndirmə prosesində, eyni zamanda xalqımıza məxsus milli-mənəvi dəyərlərin təbliğində qadınların roluna toxunub. Qeyd edib ki, Azərbaycan qadını Şərqə məxsus milli-mənəvi və əxlaqi dəyərlərlə Qərbin mütərəqqi yeniliklərinin uğurlu vəhdətini özündə birləşdirərək cəmiyyətə öz töhfəsini verməkdədir. E.Kərimova dövlətimizin tolerant və multikultural mühitin inkişafı istiqamətində gördüyü işlərə toxunaraq, qadınlarımızın bu sahədə üzərlərinə düşən vəzifələrdən də danışıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atıldığını bildirib. Vurğulayıb ki, müstəqil Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün möhkəm hüquqi baza var, bu gün qadının sosial vəziyyətinin yüksəlməsi daha parlaq surətdə cəmiyyətin bütün fəaliyyət sahələrində özünü büruzə verir. Şöbə müdiri mütərəqqi cəmiyyətin formalaşmasında mühüm əhəmiyyətə malik tolerant və multikultural dəyərlərin, birgəyaşayış ənənəsinin yaşadılmasında qadınların fəal iştirakının zəruriliyinə diqqət çəkib.

DQİDK əməkdaşı Aysel Abdullayeva dini radikalizm, erkən nikah, xurafat və yaratdığı problemlər, eyni zamanda bütün bunlarla mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, mövcud məsələlərlə bağlı statistik rəqəmləri vurğulayıb.

Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Ailə dəyərləri” sənədli filminin nümayiş edildiyi ikigünlük seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Keçidlər