Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunan konfrans keçirilib

21 oktyabr 2022 | 15:59

Oktyabrın 20-də Qax rayonunda Türk Ağsaqqalları Birliyi – TAİB, Qax Rayon İcra Hakimiyyəti, Dünya Türkologiya Mərkəzinin birgə təşkilatçılığı, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dəstəyi ilə böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda TAİB-in və Qax Rayon İcra Hakimiyyətinin rəsmiləri, tanınmış alimlər, ədəbi-bədii mühitin təmsilçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Konfransa başlamazdan əvvəl TAİB-in nümayəndə heyəti rayon rəhbərliyi ilə görüşüb, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.

Qonaqlar, həmçinin Yunus Əmrənin dəfn edildiyi ehtimal olunan Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında da olublar.

Heydər Əliyev Mərkəzində təşkil olunan konfransın əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, böyük türk xalqının yetirdiyi ən parlaq simalardan birinə - Yunus Əmrəyə həsr olunan elmi-praktik konfransın Qaxda keçirilməsinin heç də təsadüf olmadığını, sufi şerinin görkəmli nümayəndəsinin dəfn edildiyi ehtimal olunan məzarlardan birinin də rayonun Oncallı kəndi ərazisindəki oğuz qəbiristanlığında olduğunu diqqətə çatdırıb.

TAİB-in sədr müavini, İdarə Heyətinin üzvü Eyvaz Hünbətov qurumun fəaliyyətindən və birliyin türkdilli ölkələrdə keçirdiyi birgə görüşlərdən, respublikamızın regionlarında təşkil edilən tədbirlərdən danışıb.

Sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, filologiya üzrə fəlsəfə doktoru Güllü Yoloğlu “Türk birliyinin möhkəmləndirilməsi tarixi zərurət kimi” mövzusunda məruzə edib.

Konfransda, həmçinin Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümbətovanın “Mövlanə və Yunus Əmrə yaradıcılığı müqayisələr müstəvisində”, Əməkdar jurnalist və Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının “Yunus Əmrə yaradıcılığının türk ədəbiyyatına təsiri”, TAİB-in İdarə Heyətinin üzvü Tapdıq Əlibəylinin “Yunus Əmrə dövrünün ictimai-siyasi həyatı”, tarixçi alim Sabir Tağıyevin “Şimal-Qərb regionundakı tarixi abidələrin Azərbaycan mədəni irsində yeri” mövzularında məruzələri dinlənilib.

Konfrans Yunus Əmrənin yaradıcılığına aid bədii proqramla başa çatıb.

 

Keçidlər