Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Həmrəylik Günü qeyd olunub

29 dekabr 2023 | 16:29

         31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dekabrın 29-da rayonda konfrans  keçirilib.

        Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.

       Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

      Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, dünya azərbaycanlılarının müstəqil dövlət və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifinin Ümummilli Lider Heydər Əliyev olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoyub. Hər il dekabrın son gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanmasına xidmət edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hislərini özündə təcəssüm etdirir.

“Heydər Əliyev milli həmrəyliyimizin banisidir” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova qeyd edib ki, həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq, ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır. Həmçinin bildirib ki, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında, bir-biri ilə əlaqələrinin yaranmasında, diasporumuzun fəaliyyətinin güclənməsində və Azərbaycan həqiqətlərinin daha geniş təbliğində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond xarici ölkələrdəki fəaliyyətini üç əsas istiqamət üzrə qurur. Bunlar həmin ölkələrdə humanitar layihələrin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirlərin təşkili və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bir sözlə, Azərbaycanın birinci Vitse-prezidenti, Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi tədbirlərin əhəmiyyəti və miqyası Azərbaycanın dünyada təbliğində, dünya azərbaycanlılarının vahid məfkurə ətrafında birləşməsində çox mühüm yer tutur.        

          Məruzə və çıxışlarda vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü üç ildir tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, həm də, milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında daha sıx birləşməsinin təcəssümü oldu. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar yüksək fəallıq göstərdilər, daha sıx birləşdilər. Xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi.

Toplantı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videofilmin nümayişi ilə başa çatıb.

 

 

Keçidlər