Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycan dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilmişdir.

27 aprel 2023 | 17:33

     Rayonda Heydər Əliyev ili çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq 27 aprel 2023-cü il tarixdə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycan dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilmişdir.           

    Toplantıda  millət vəkilləri, rayon və hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon ziyalıları və ictimaiyyət nümayəndələri  iştirak etmişdir.

     Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev Azərbaycanın çağdaş tarixinin milli intibah dövrünün müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. O, qeyd etdi ki, məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs və siyasi məktəb miras qoymuşdur.

     Sonra rayon icra hakimiyyəti başçısının müavini Elbrus Tağıyevin “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi səciyyələndirilir. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ - 1969-1982-ci və 1993-2003-cü illər ilə xarakterizə olunsa da, əslində, Ulu Öndərin Vətənə fədakar xidməti və hakimiyyətinin hər iki mərhələsində ölkəmizin nəhəng miqyasda nailiyyətlər qazanması baxımından çox oxşardır. Başqa sözlə, eyni missiyanın, sadəcə, iki mərhələsidir.

     Diqqətə çatdırılıb ki, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail olub. Xalqın israrlı tələb və xahişindən sonra Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli intibah dövrünün ikinci mərhələsi (1993-2003-cü illər) başlanıb.

     Vurğulanıb ki, Azərbaycanın yeni enerji strategiyasının memarı Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyyətə malik olub, eyni zamanda, respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirib. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcıdır. 1996-cı il iyunun 6-da regionun və Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter alıb. Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edib.

     Toplantıda çıxış edən Milli Məclisin deputatları Etibar Əliyev, Azər Kərimli, “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov da Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycanın öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoyduğunu vurğuladılar.  
      Xüsusi olaraq qeyd olundu ki, Ulu Öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirmişdir.  

       Bu gün Ulu Öndərin siyasi kursunun laiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz strateji hədəflərinə doğru addım-addım irəliləyir. Beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur. Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab verməklə mətin addımlarla irəliləyir.

           

Keçidlər