Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda keçirilən Respublika Şahmat Olimpiadasında 486 idmançı mübarizə aparır

06 iyul 2023 | 10:10
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində iyulun 5-də rayonumuzun Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilmişdir. Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışda respublikamızın 45 şəhər və rayonunu təmsil edən 486 şahmatçı mübarizə aparır.
Tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Olimpiadanın açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək bildirmişdir ki, ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, idmanın da inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafında və bugünkü nailiyyətlərində Heydər Əliyevin böyük xidmətləri olub.
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, bunun sayəsində Azərbaycanın hər yerində o cümlədən rayonumuzda da şahmat məktəblərinin açılması, yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb.
Bu gün Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmiz beynəlxalq idman yarışlarının təkcə iştirakçısı deyil, eyni zamanda təşkilatçısıdır. M.Şəkiliyev həmçinin ötən müddət ərzində respublikanın bir çox regionlarında beynəlxalq səviyyəli idman komplekslərinin inşa edilərək istifadəyə verilməsini, yeni idmançı nəslinin yetişməsini ölkəmizdə uğurla həyata keçirilən idman siyasətinin gənc nəslin hərtərəfli inkişafına, sağlamlığının möhkəmləndirilməsinə, əməyə və vətənin müdafiəsinə hazırlanmasına, həmçinin asudə vaxtlarının səmərəli təşkilinə yönəldiyini vurğulamış, yarış iştirakçılarına uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev ölkəmizdə idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsindən bəhs etmiş, belə olimpiadaların keçirilməsinin uşaq və yeniyetmələrdə şahmata olan marağın və həvəsin daha da artırdığını qeyd etmişdir.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov şahmat olimpiadasının Qaxda keçirilməsinin heç də təsadüfi olmadığını, bu diyarın güclü şahmat ənənələri sayəsində Aynur Sofiyeva, Pərvanə İsmayılova, Xanım Balacayeva kimi tanınmış şahmatçılar yetişdirdiyini diqqətə çatdırmışdır.
Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov şahmat olimpiadasının qaydaları barədə məlumat vermiş, bildirmişdir ki, olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilir və şəxsi-komanda xarakteri daşıyır. Şahmatçılar A və B qrupları üzrə yarışırlar. A qrupunda 12 və yuxarı yaş şahmatçılar, B qrupunda isə 11 yaşadək şahmatçılar mübarizə aparırlar. A qrupunda 262, B qrupunda isə 224 şahmatçı yarışır.
Bədii proqramdan sonra yarışlara start verilib.
Şahmat olimpiadası iyulun 15-dək davam edəcək. Olimpiadanın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplom və medalları, Şahmat Federasiyasının pul mükafatları təqdim olunacaq.
Keçidlər