Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda məişət zorakılığı ilə bağlı regional müşavirə keçirilmişdir

06 may 2022 | 12:43

6 may 2022-ci il tarixdə rayonun Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində müşavirə keçirilmişdir. Müşavirədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının İcra Hakimiyyətlərində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri iştirak etmişdir.

        Tədbiri RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və monitorinq qurupunun sədri Vəfa Heydərova giriş sözü ilə açaraq ailə intitutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunmasının bugün dövlətin prioritet istiqamətlərindən olduğunu vurğulamışdır. Dövlət gender siyasətinin əsasının Ulu öndər tərəfindən qoyulduğunu, bu siyasətin bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən V.Heydərova  dövlət başçısının müvafiq fərmanı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunması bu sahəyə xüsusi diqqətin təzahürü olduğunu bildirmişdir. Həmçinin o rayon İcra Hakmiyyətinə məişət zorakılığı ilə bağlı daxil olmuş müraciətlər və görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Rayonda bu ilin birinci rübündə erkən nikah və təhsildən yayınma hallarının olmadığını bildirən V.Heydərova risk qurupuna daxil olan 12 ailənin profilaktiki qeydiyyata alındığını, qısamüddətli mühafizə orderinin verilməməsinə baxmayaraq həmin ailələrlə mütəmadi iş aparıldığını qeyd etmişdir.

        Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat vermişdir. O, həmçinin məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı çıxış etmişdir.

        Tədbirdə çıxış edənlər aidiyyəti rayonlarda məişət zorakılığının həlli istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.

Keçidlər