Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda qəhvəyi mərmər bağacığına qarşı əhali arasında maarifləndirmə, monitorinqlər və mübarizə tədbirləri davam etdirilir

24 dekabr 2025 | 16:49

Qəhvəyi mərmər bağacığı polifaq, yəni 300-dən çox bitki növləri ilə qidalanan zərərvericidir. 2022-ci ildən ölkəmizdə qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin aparılmasına baxmayaraq zərərvericinin kütləvi artması və ya qonşu Gürcüstan Respublikasından miqrasiya etməsi təhlükəsi hələ də qalmaqdadır. 

Zərərvericinin həm yetkin, həm də sürfə mərhələsində bitkinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Nəticədə meyvələrdə müxtəlif zərərlər əmələ gəlir. Qərzəkli bitkilərdə, əsasən də fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.

Qəhvəyi mərmər bağacığına (Halyomorpha halys) qarşı ən effektiv mübarizə üsulu qışlama dövründə həyata keçirilən mexaniki tədbirlər hesab olunur. Bu dövrdə zərərvericilər əsasən evlərin çardaqlarında, yardımçı tikililərdə, anbarlarda, təsərrüfat binalarında və digər qapalı məkanlarda gizlənir. Mexaniki mübarizə dedikdə, bu ərazilərdə bağacıqların əl ilə toplanması, tozsoran vasitəsilə yığılması, isti sabunlu və ya duzlu suda məhv edilməsi, həmçinin çardaqlarda təmizləmə və dezinfeksiya işlərinin aparılması nəzərdə tutulur. Bu üsul ekoloji cəhətdən təhlükəsiz, iqtisadi baxımdan sərfəli və populyasiyanın kütləvi artımının qarşısını alan ən səmərəli vasitədir.

Rayonumuzda da qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, mövcud qışlama fazasında olan fərdlərinin aşkarlanması və mexaniki üsulla məhv edilməsi məqsədilə kompleks tədbirlər ardıcıl şəkildə davam etdirilir. Qax Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqtala Regional bölməsinin, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qrumlarının təşkilatçılığı ilə 2025-ci ilin noyabr və dekabr aylarında həyata keçirilən monitorinqlər çərçivəsində rayonun Qorağan, Şotavar, Çüdüllü, Tasmalı, Lələpaşa, Zəyəm, Lələli, Qındırğa, Fıstıqlı, Tanqıt kəndlərində 1112 fərdi yaşayış evinə və inzibati binalara baxış keçirilmişdir. Əsasən, qışlama üçün əlverişli olan çardaqlarda, tavanarası sahələrdə, köhnə tikililərdə və s. isti yerlərdə qrup halında 160000-dən artıq yetkin zərərverici aşkarlanıb və məhv edilib.

Zərərvericinin populyasiyasının azalması üçün yalnız dövlət qurumlarının deyil, vətəndaşların da fəal iştirakı vacibdir:  Bağacığın 6 ay qışladığı dövrdə ev sahibləri dövlət qurumları ilə birlikdə mexaniki mübarizə tədbirlərini davam etdirməlidirlər. Hər bir vətəndaş öz həyətyanı sahəsində, evində, çardağında və yardımçı tikililərdə bağacıqları aşkarlayıb məhv etməlidir. Belə olduqda, zərərvericilərin iqtisadi ziyanlı həddi keçməsinin qarşısı alınacaqdır.

Qışlama dövründə aparılan mexaniki mübarizə tədbirləri kimyəvi üsullardan daha təhlükəsiz və ekoloji cəhətdən üstün hesab edilir. Çünki bağacığın qışladığı dövrdə kimyəvi preparatların istifadəsi mümkün deyil, buna görə də hər bir ev sahibi öz payına düşən məsuliyyəti yerinə yetirməlidir.

Keçidlər