Rayonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "Qarabağ və Şərqi Zəngəzurda abadlıq və quruculuq işləri"nə həsr olunmuş toplantı keçirilib
“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar respublikanın tədbirlər planına uyğun olaraq rayon üzrə tədbirlər planı hazırlanmış və silsilə tədbirlər keçirilmişdir.
Qax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "Qarabağ və şərqi Zəngəzurda abadlıq və quruculuq işləri"nə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-idarəetmə və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir şəhərsalma prinsipləri, memarlıq layihələri və yeni infrastruktur quruculuğu barədə məlumat verib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın memarlıq və şəhərsalma sahəsində yeni inkişaf mərhələsinin göstəricisidir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün də ölkəmizin tərəqqisinin mühüm istiqamətlərindən biridir. Cənab Prezidentin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən müasir şəhərsalma və memarlıq layihələri bu uzaqgörən siyasətin davamı kimi Azərbaycanın yeni inkişaf modelini nümayiş etdirir.
Tədbirdə YAP Rayon Təşkilatının sədri Natiq Allahverdiyev "Qarabağ və şərqi Zəngəzurda abadlıq və quruculuq işləri" mövzusunda geniş məruzə ilə çıxış edib.
Toplantıda digər çıxış edənlər Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin əhəmiyyətindən, müasir şəhərsalma prinsiplərinin tətbiqindən və milli memarlıq ənənələrinin qorunaraq inkişaf etdirilməsindən bəhs ediblər.
Sonda Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini əks etdirən videoçarx nümayiş etdirilib.






