Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda şəhidlərin xatirəsi anılıb

08 avqust 2022 | 16:56

Birinci Qarabağ müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Qax rayonunun Qaşqaçay kəndindən olan Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovdur. Avqustun 6-sı Cavanşirin şəhadətə yüksəlməsinin 30 ili tamam oldu.

Ərazi bütövlüyümüz uğrunda canını qurban verən qəhrəman Vətən oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar avqustun 6-da Qax şəhərindəki Şəhidlər xiyabanında anım tədbiri keçirilib. Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, YAP Qax rayon təşkilatının rəhbər şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xiyabanda uyuyan şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Mərasimdə rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Vətən Müharibəsi Qəhrəmanı İzzət Balacayev və başqaları çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun döyüş yolundan, mübarizliyindən söz açıb, şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Milli Qəhrəmanın anası Lalə xanım çıxış edərək, Vətən uğrunda canını qurban verən igid övladı ilə hər zaman qürur duyduğunu bildirib, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Anım tədbiri daha sonra qəhrəmanın doğulduğu Qaşqaçay kəndində davam etdirilib.

Cavanşir Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. Uşaq yaşlarında olarkən ailəsi Bakının Qaraçuxur qəsəbəsinə köçüb. Suraxanı rayonundakı 104 saylı orta məktəbdə təhsil alan Cavanşir karate idman növünə maraq göstərib, idman ustası normativini ödəyib. 1992-ci ildə hərbi xidmətə çağırılan Cavanşirin taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək düşüb. O, hərbi vertolyotun bort atıcısı kimi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 1992-ci il avqustun 6-da növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə Cavanşir Rəhimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

O, Azərbaycanın ən gənc Milli Qəhrəmanıdır. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Suraxanı rayonundakı 146 saylı tam orta məktəb Cavanşir Rəhimovun adını daşıyır. Qaraçuxur qəsəbə parkında onun büstü qoyulub.

Keçidlər