Rayonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
10 may 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Sonra Heydər Əliyev Mərkəzində rayon rəhbərliyi, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və kollektivləri ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyev Müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev açaraq zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixi taleyində mühüm rol oynayan Heydər Əliyev tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarıb. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.
Diqqətə çatdırıb ki, Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib. Heydər Əliyevin inamı, xalqın böyük etimadı özünü tam doğruldub. Onun layiqli davamçısı olan İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyulub. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlayıb. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ilə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi tarixlərə sığmayacaq qədər möhtəşəm hadisədir. İşğaldan azad edilmiş torpaqlarımızın tarixi Zəfərdən sonra böyük sürətlə yenidən qurulması əfsanələrin, nağılların gerçəkləşdirilməsi deməkdir.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavin, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “Ulu Öndər Heydər Əliyev Müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Notariat kontorunun notariusu Mübariz Əhmədov, Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin Qax rayonu üzrə Gənclər və İdman sektorunun sektorunun müdiri Elvin Həsilov Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, onun şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu qeyd etmişlər.
Daha sonra YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş geniş konsert proqramı ilə davam etdirilib.