Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

29 mart 2023 | 17:32

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə martın 29-da rayonda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

Tədbirə dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra tədbir iştirakçıları  Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Məktəbinin və Rayon Uşaq İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfransın əvvəlində Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayonun rəhbər işçilərinin, respublikanın tanınmış elm və incəsənət adamlarının, şəhid ailələrinin üzvlərinin, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarının, ağsaqqal və gənclərin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi konfransı RİH başçısı Musa Şəkiliyev açaraq, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və bununla əlaqədar rayonda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Ümummilli Liderin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, Heydər Əliyev təkcə müstəqillik dövründə deyil, Azərbaycanın sovet totalitar rejiminin tərkibində olduğu illərdə də mərkəzdən olan təzyiqlərə, türk xalqlarına qarşı aparılan ayrı-seçkilik siyasətinə və islamafobiya meyllərinə baxmayaraq, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi üçün mühüm tədbirlər görməklə dövlətçiliyin və milli ruhun kəsilməzliyini təmin edə bilib. Ulu Öndər hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük və qətiyyətli addımlar atıb. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda təbliğ edilməsində, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılmasında Heydər Əliyevin böyük xidmətləri olub. Vurğulanıb ki, Bugün məhz bu uğurların əsasında Vətənə sevgi, azərbaycançılıq ideologiyası durur. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə onun məzmununu daha da zənginləşdirir, milli özünüdərk hissini gücləndirir və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini yüksəldir.   

Konfransda Əməkdar incəsənət xadimi, kinorejissor, Prezident təqaüdçüsü Xamis Muradov, tarix elmləri doktoru, professor Qafar Cəbiyev, general-leytenant Ehram Hacıyev çıxış edərək, Heydər Əliyevlə olan görüşləri ilə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin Azərbaycan mədəniyyətinin, elminin, kino sənətinin inkişafına, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu quruculuğu sahəsinə verdiyi töhfələrdən ətraflı bəhs ediblər.

Sonda Ümummilli Liderə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Keçidlər