Rayonun bir qrup şair və yazıçıları ilə görüş keçirilib
Qax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional bölməsi, C.Cabbarlı adına Mərkəzləşdirilmiş Kitabxana Sistemi və S.Vurğun adına Qax Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun bir qrup şair və yazıçıları ilə görüş keçirilib.
Rayonun Mədəniyyət Mərkəzində keçirilən görüşdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat kollektivləri, ziyalılar, rayon ictimaiyətinin nümayəndələri iştirak edib.
Görüşün əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Əlmaniz Ələkbərli əvvəlcə yerli müəlliflərin yaradıcılığı haqqında məlumat verərək, Gia Paçxataşvilini, Osman Ümmanı, Pərvanə Həşimovanı və Sevinc Sabirqızını iştirakçılara təqdim edib.
Təqdimatda yazarların kitabları təqdim olunub, şeirlər və musiqi nömrələri səsləndirilib, onların həyat və yaradıcılığına həsr olunmuş videolentlər nümayiş olunub.
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev yubilyarları təbrik edərək bildirib ki, Azərbaycanda hər zaman söz adamlarına, şair və yazıçılara diqqət göstərilib.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə dünya miqyasında tanınıb.
Bu gün Azərbaycan mədəniyyəti qədim köklər üzərində inkişaf edir və dünyaya inteqrasiya olunur. Tarixi qədər qədim və zəngin olan Azərbaycan mədəniyyəti xalqımızın yüksək mədəni irsə malik olmasını sübut edir. Bütün bu nümunələrin tanınması və təbliği Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.
Sovet dövründə və müstəqilliyimizin ilk illərində məhz Ulu Öndər tərəfindən ədiblərimizin yubileylərinin təşkil olunması, onların yaradıcılığının dəyərləndirilməsi, fəxri adlarla təltif olunması, adlarının əbədiləşdirilməsi milli-mənəvi dəyərlərimizin və irsimizin qorunub saxlanmasına yönələn əlamətdar hadisələrdir. Bu Gün bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi qayğı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinə istiqamətlənib.
Bu gün dövlətimizin mədəniyyət sahəsində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi milli mədəniyyətimizin beynəlxalq miqyasda təbliğidir.
RİH başçısı həmçinin musiqimizin, incəsənətimizin, milli mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verdiyini, Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirildiyi diqqətə çatdırıb.
RİH başçısı Elvin Paşayev yazarları bir daha təbrik edərək, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda kitab müəlliflərinə fəxri fərman və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.






