Regionlarda əhalinin müasir texnologiyalara və internetə olan artan tələbatını nəzərə alaraq 2004-cü ildə “Aztelekom”un daxili internet provayderi yaradılmışdır.
15 may 2026 | 14:13
Regionlarda əhalinin müasir texnologiyalara və internetə olan artan tələbatını nəzərə alaraq 2004-cü ildə “Aztelekom”un daxili internet provayderi yaradılmışdır. Bu gün "Aztelekom" MMC əhalinin rahatlığını təmin etmək məqsədilə, ən ucqar dağ kəndləri də daxil olmaqla, ölkənin bütün bölgələrində genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirməkdədir. Bu fəaliyyətin ən uğurlu nümunələrindən biri kimi, müəssisənin Şimal-Qərb Regionunun Qax şöbəsi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Qax şəhəri və onun bütün ucqar kəndlərini yeni nəsil “Gigabit tutumlu Passiv Optik Şəbəkə” (GPON) texnologiyası ilə təmin etmişdir. Hazırda rayonda 13 565 abunəçi optik internetin geniş imkanlarından yararlanır ki, bu da Qax rayonu üzrə faktiki yaşayış olan ev təsərrüfatlarının 93%-ni təşkil edir.
Göstərilən xidmətlərdə operativliyin artırılması və vətəndaş məmnuniyyətinin yüksək səviyyədə qorunması fəaliyyətin əsas prioritetidir. Bu istiqamətdə tətbiq olunan prinsiplərə əsasən, vətəndaşlardan daxil olan bütün müraciətlər həftənin hər günü, 24/7 rejimində fasiləsiz qəbul edilir. Qeydə alınan texniki nasazlıqlar 1 iş günü ərzində peşəkar mütəxəssislər tərəfindən yerindəcə aradan qaldırılır, hər bir abunəçinin istək və təklifləri fərdi qaydada nəzarətə götürülərək mütəmadi monitorinqlər vasitəsilə xidmətin fasiləsizliyi təmin olunur.
Bu gün Azərbaycanın rəqəmsal xəritəsində Qax rayonunun ən ucqar yaşayış məntəqələrinin müasir qlobal şəbəkəyə inteqrasiyası ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin real nəticəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan rəqəmsal transformasiya strategiyası bölgələrin sosial-iqtisadi potensialının gücləndirilməsinə və vətəndaşların müasir xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Həyata keçirilən bu tədbirlər regionlarda rəqəmsal bərabərliyin təmin olunması, dövlət tərəfindən müəyyən edilmiş inkişaf hədəflərinin reallaşdırılması və vətəndaş məmnuniyyətinin dayanıqlı şəkildə qorunması məqsədini daşıyır.






