Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır
16 aprel 2026 | 09:40
Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.
Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalılarına və incəsənət xadimlərinə hər zaman böyük diqqət göstərmiş, onların yubileylərinin keçirilməsi, onlara müxtəlif fəxri adların verilməsi, əsərlərinin kütləvi çap edilməsi istiqamətində tədbirlər həyata keçirmişdir.
Heydər Əliyev Səməd Vurğunun əsərlərindən "bəhrələndiyini, onlardan mənəvi qida aldığını" hər zaman səmimiyyətlə dilə gətirmiş, onun ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması və ondan istifadə edilməsi üçün lazımi tədbirlər görmüşdür. Şairin Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70, 80 və 90 illik yubileylərinin təntənəli surətdə keçirilməsi və bir çox başqa tədbirlər, məhz, Heydər Əliyevin təşəbbüsü ilə reallaşmışdır.
Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən respublikanın mədəniyyət müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq rayonun Heydər Əliyev Mərkəzində şairin anadan olmasının 120 illiyinə həsr edilmiş “Mən səadət aşiqiyəm” adlı ədəbi-bədii gecə keçirilib.
Qax rayon Mərkəzi Kitabxanası, Uşaq İncəsənət Məktəbi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinin, müəssisə və təşkilatların nümayəndələri, mədəniyyət, təhsil və səhiyyə işçiləri, ziyalılar iştirak ediblər.
İştirakçılar əvvəlcə unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən “50 illik ömür – 100 illik sənət” adlı kitab sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edənlər Səməd Vurğunun həyat və yaradıcılığından söz açıb, Azərbaycan ədəbiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.
Tədbirdə həmçinin unudulmaz şairin dillər əzbəri olan şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, şairin sözlərinə bəstələnmiş mahnılar oxunub, qəzəllər ifa edilib.
Sonda şairin həyat yolu və yaradıcılığından bəhs edən “Vurğun keçdi bu dünyadan” videoçarxı nümayiş olunub.






