Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir

02 fevral 2026 | 09:07

Sabahın xeyir, #Qax!

Sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir. XIII-XIV əsrlərdə yaşayan Yunus Əmrənin yaradıcılığı türk şeirinin inkişafına çox böyük təsir göstərmişdir. Mənbələrdə göstərilir ki, övliyalıq məqamına yüksələrək həyatı əfsanələşən Yunus Əmrənin təkcə Anadoluda 10 müxtəlif ərazidə məzarı vardır. Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax rayonu ərazisində, Oncallı kəndindəki oğuz qəbiristanlığıdır. Ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədi ilə dünyanı gəzmiş, mənəvi rahatlığını Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməklə tapmışdır. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristanlıqda dəfn olunduğu ehtimal edilir. Onların məzarları sonradan müridləri tərəfindən abadlaşdırılmışdır. Yerdən bir metr hündürlüyündə çay daşından tikilmiş, hörgü ilə əhatələnmiş hər iki məzar müqəddəs sayılır və ziyarət edilir.

Anadolu türkcəsində yazan Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonu əhalisinin dil xüsusiyyətləri ilə eynilik təşkil edir. Şairin ədəbi və ictimai fəaliyyəti ilə əlaqədar mərkəzlərdən birinin XIII-XIV əsrlərdə Oncallı kəndində meydana gəlməsi, müqəddəs məkan kimi bu gün də yad edilməsi bir daha Azərbaycan türkləri ilə Anadolu türklərinin eyni mədəniyyətli qardaş xalq olduğunu sübut edir. Yunus Əmrənin və Hacı Tapdığın məzarları bu gün də yerli əhali tərəfindən müqəddəs bir məkan kimi qorunur və ziyarət edilir.

Keçidlər