“Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir
27 oktyabr 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin inzibati binasında “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq bildirdi ki, müasir Azərbaycanın qurucusu, böyük xilaskar Heydər Əliyev rəhbərlik etdiyi dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlər göstərmişdir. Ulu öndər Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuşdur. Azərbaycan xalqı yeni əsrə və yeni min illiyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Ümummilli liderin müqəddəs irsini qoruyub saxlamaq hərbir azərbaycanlının şərəfli vəzifəsidir. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən 2023-cü ilin“ Heydər Əliyev ili” elan edilməsi dahi liderin əziz xatirəsini böyük coşquyla yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.
Həmçinin vurğulamışdır ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi tarixi zəfərimizin sevincini yaşadığımız bir dövrə təsadüf edir. Bu gün fəxr edirik ki, dahi liderin Qarabağı erməni əsarətindən xilas etmək arzusu reallaşdı. Cənab Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi.
Tədbirdə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “Tarix yazan əbədiyaşar lider” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Həmçinin vurğulayıb ki, İndi ümummilli lider Heydər Əliyevin ruhu şaddır. Çünki dünyaşöhrətli siyasətçinin axıra çatdıra bilmədiyi taleyüklü planları Azərbaycan xalqının köməyi və dəstəyi ilə onun layiqli davamçısı İlham Əliyev həqiqətən də başa çatdıra bildi. Ulu öndərin düz 20 il bundan öncə xalqa müraсiətində yer alan məqamlar, verilən vədlər gerçəkliyə çevrildi. İndi azad Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı ilə yanaşı, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda da Azərbaycan bayrağı dalğalanır. Bir vaxtlar öz el-obasından didərgin salınan, evləri talan olunan, dağıdılan məcburi köçkünlər indi doğma rayon və kəndlərinə, tamamilə yenidən tikilən evlərinə qayıdışın xoşbəxtliyini yaşayırlar.
Tədbirdə çıxış edənlər də Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, onun şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu vurğulamışlar.
Sonda “Tarix yazan əbədiyaşar lider” mövzusunda videolent nümayiş etdirilmişdir.