Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

19 aprel 2024 | 15:13

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Ölkəmizdə də bu günün qeyd olunması yaddaşımızı oyatmağa, Azərbaycanın zəngin mədəni irsinin bizim üçün misilsiz əhəmiyyətə malik olduğunu daha dərindən dərk etməyə, mədəni irsimizin inkişaf pillələrini yada salmağa xidmət edir.

 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar aprelin 18-də  rayonun İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən ölkə əhəmiyyətli “Sumuq qala” abidəsində tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Qoruğun direktoru Azər Qocayev bildirib ki, Azərbaycan unikal mədəniyyət məskəni, eyni zamanda, bəşəriyyətə yüksək yaradıcılıq inciləri bəxş etmiş sivilizasiyalar qaynağıdır. Ölkəmizin ərazisində ulu əcdadlarımız tərəfindən əsrlər boyu yaradılan tarixi-mədəniyyət abidələri milli yaddaşımızın tərkib hissəsidir. Bu abidələrin hər biri sonrakı nəsillər üçün böyük əhəmiyyət kəsb edir. Xalqımızın malik olduğu zəngin mədəni irsin mühafizəsi və inkişaf etdirilməsi ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindəndir. Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə 2002-ci ildə yaradılan və 2005-ci ildən fəaliyyət göstərən “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu da məhz tarixi-mədəni irsimizin qorunmasına xidmət edir.

 Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxışında qeyd edib ki, Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezidentin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Vurğulayıb ki, xalqımıza məxsus zəngin maddi-mədəniyyət nümunələrinin üzə çıxarılmasında və bütün dünyada tanıdılmasında hazırda ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondu xüsusilə böyük rol oynayır.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova isə çıxışında rayon ərazisində mövcud olan maddi və mədəniyyət abidələrinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Tədbir Qax Uşaq İncəsənət Məktəbi kollektivinin hazırladığı konsert proqramı ilə davam edib.

İştirakçılar daha sonra “Sumuq qala” abidəsi ilə yaxından tanış olublar.

Keçidlər