Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tariximizin daşlaşmış yadigarları

14 aprel 2023 | 17:18

    18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə aprelin 14-də Qax şəhərində “Bu diyarın hər daşı, hər guşəsi bir tarixdir” adlı regional tədbir keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə regional idarənin xidməti ərazisinə daxil olan rayonların aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.

   Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

   Sonra tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgiyə baxış olub.

   Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Regional tədbiri Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq, aprelin 18-nin dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Qeyd olunub ki, xalqımızın keçmişini özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin ən ümdə vəzifəsidir. Bu gün mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

    Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli çıxışında qeyd edib ki, Azərbaycan xalqının qədim mədəni sərvətləri içərisində tarixi abidələr xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin əhəmiyyətli nümunələri olan bu abidələr mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır. Tarix və mədəniyyət abidələri xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarıdır.

   2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Qəbələ Regional İdarəsinin təşəbbüsü ilə “Sönməz günəş” devizi altında uşaq, yeniyetmə və gənclər arasında keçirilən rəsm və əl işlərindən ibarət müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

    Tədbir çərçivəsində daha sonra Qax rayonu ərazisində yerləşən tarixi abidələrə ekskursiya təşkil edilib.

 

Keçidlər