“Təmiz addım”la daha gözəl gələcəyə!
01 may 2026 | 17:57
Qax Rayon İcra Hakimiyyəti, Şəki Regional Turizm İdarəsinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Təmiz addım” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Qax rayonunun “İlisu Hamamları” ərazisində ekoloji təmizlik aksiyası təşkil olunub.
Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, turistik məkanların təmiz saxlanılması, ekoloji maarifləndirmə və ictimai məsuliyyətin təşviqidir.
Aksiya çərçivəsində iştirakçılar tərəfindən ərazi məişət tullantılarından təmizlənib, “İlisu Hamamları” ərazisində mövcud infrastrukturun yüngül bərpası işləri icra edilib. Bu kimi təşəbbüslər turizm bölgələrinin daha cəlbedici və səliqəli görünüş almasına mühüm töhfə verəcək.
“Təmiz addım” layihəsi çərçivəsində keçirilən tədbirlər ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqi, ekoloji mədəniyyətin formalaşdırılması və təbii resursların qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində rayonun digər turizm potensiallı ərazilərində bu tipli təmizlik aksiyalarının keçirilməsi davam etdiriləcəkdir.






