Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

10 may 2024 | 16:51

10 may 2024-cü il tarixdə rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə etmişlər. 

       Sonra Heydər Əliyev Mərkəzində Rayon rəhbərliyi, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və kollektivləri ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə    rəsmi toplantı keçirilib.

          Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, dünyada mənsub olduğu xalqların tarixində əbədi yaşamaq haqqı qazanmış nadir şəxsiyyətlər var ki, onlar həm öz ölkələrinə, həm də geniş mənada, bəşəriyyətə aid olan tarixi şəxsiyyətlərdir. Öz xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətləri ilə əbədiyyət qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya miqyasında XX əsrin qüdrətli liderlərindən biri kimi qəbul olunur. Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixi taleyində mühüm rol oynayan Heydər Əliyev tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarıb. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

      Diqqətə çatdırıb ki, Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib. Heydər Əliyevin inamı, xalqın böyük etimadı özünü tam doğruldub. Onun layiqli davamçısı olan İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyulub. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlayıb. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ilə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi tarixlərə sığmayacaq qədər möhtəşəm hadisədir. İşğaldan azad edilmiş torpaqlarımızın tarixi Zəfərdən sonra böyük sürətlə yenidən qurulması əfsanələrin, nağılların gerçəkləşdirilməsi deməkdir.

Daha sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavin Elbrus Tağıyev “ Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir ” mövzusunda geniş məruzə ilə çıxış edib.

      Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon prokuroru Rəşad Bəşirov, Şəki-Zaqatala Regional Təhsil idarəsinin Qax rayonu üzrə Təhsil sektorunun müdiri Babək Heydərov və Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin rayon üzrə nümayəndəsi Dilarə Əzizova Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, onun şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu qeyd etmişlər. Vurğulamışlar ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla reallaşdırır. Son illərdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, Ümummilli Liderin müəyyənləşdirdiyi və həyata keçirdiyi müdrik siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

         Daha sonra YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

      Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videolent nümayiş olunub.

               

Keçidlər