Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

01 iyun 2022 | 17:04

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda da qeyd edilir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub.

Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 1 iyun -Uşaqları Beynəlxalq Müdafiə Gününün ölkəmizdə hər il geniş qeyd edilməsi də məhz bu siyasətdən irəli gəlir.Təsadüfi deyil ki, Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır.

         Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti hazırda milli strategiyaya çevrilib. Bu gün Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

    Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatələ olunub. Ölkənin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir. Heydər Əliyev Fondu tərəfindən  genişmiqyaslı tədbirlər həyata keçirilir, Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün, şəhid, aztəminatlı  ailələrindən olan uşaqlara xüsusi diqqət ayrılır. Valideyn himayəsindən məhrum olmuş uşaqların himayəsi, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

    Bu gün dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır. Azərbaycanın sabahı, gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladlarıdırlar. Onlar müstəqil Azərbaycanda yaşayırlar. Ölkəmiz möhtəşəm Zəfər qazanıb. Tarixi torpaqlarımız öz sakinlərini qarşılamağa hazırlaşır. Tezliklə işğaldan azad olunan torpaqlarımızda xoşbəxt uşaqların səsləri duyulacaqdır.

    Rayonumuzda da 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Uşaq müəssisələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən bayram konsertində uşaqlar bədii qiraət, mahnı, rəqs nümunələri ilə çıxış etmişlər. Həmçinin Rayon Dövlət Kukla Teatrı gün boyu “Tülkünün uçuşu” tamaşası ilə balacaları sevindirmişdir.

     1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon rəhbərliyi də gələcəyimiz olan uşaqları təbrik edir, onlara xoşbəxtlik və sağlam həyat arzulayır.

Keçidlər