Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi
Hərb tariximizin şanlı səhifəsi sayılan, 107 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.
Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz müasir dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu, hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artır, xalq, dövlət, ordu birliyi möhkəmlənir.
Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ olub.
Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə silahlı qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunub, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilib. Ölkə Prezidenti cənab İlham Əliyev demişdi: “Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi - böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi”.
Vətən müharibəsinə kimi ötən müddətdə ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüldü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranması reallaşdırıldı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı və 44 gün ərzində düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu, eləcə də lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu.
Bu gün Azərbaycan Ordusu yaradılmasının ildönümünü böyük qürur hissi ilə qeyd edir. Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcək. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”






