Vətəndaş qəbulları zamanı irəli sürülən rəy və təkliflər nəzərə alınaraq aidiyyatı qurumlara yönləndirilir və onların həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Qax rayonunda fəaliyyət göstərən xidmət sahələri tərəfindən həyata keçirilən genişmiqyaslı işlər həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də şəhər infrastrukturunun müasir standartlara uyğunlaşdırılmasına yönəlib.
Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax xidmət sahəsi rayon ərazisində qaz təchizatının fasiləsizliyini tam təmin etmiş, şəbəkədə hər hansı qəza və ya bədbəxt hadisə qeydə alınmamışdır. Yanvar-mart ayları ərzində rayonda daha 41 mənzil qazlaşdırılaraq şəbəkəyə qoşulmuş, nəticədə əhali abonentlərinin sayı 11 367-yə, sənaye abonentlərinin sayı isə 246 olmuşdur.
İnfrastrukturun yenilənməsi məqsədilə istismar müddəti bitmiş 140 qaz sayğacı dəyişdirilmiş, 28 May küçəsində 110 metrlik korroziyaya uğramış yeraltı xətt yeni yerüstü borularla əvəzlənmişdir. Həmçinin, rəqəmsal uçotun dəqiqləşdirilməsi üçün "Manage Fields" layihəsi çərçivəsində 3 balans qovşağı quraşdırılmışdır. Həmçinin Turaclı kəndində müharibə iştirakçısının ailəsinə məxsus fərdi yaşayış evi qazla təmin olunmuşdur.
“Aztelekom” MMC-nin Qax şöbəsi rayonda rəqəmsal transformasiyanı sürətləndirərək Mərkəzi EATS-də 100 Gbit/s trafik gücünə malik yeni DWDM avadanlığını istismara vermişdir. Bu, internetin sürətini və keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Müasir GPON texnologiyasına keçid çərçivəsində rüb ərzində 83 yeni qoşulma icra edilmiş, bu texnologiyadan yararlananların ümumi sayı 13 616-ya yüksəlmişdir.
Şəbəkənin dayanıqlılığını artırmaq üçün Ağçay, Ləkit, Zəyəm və digər kənd stansiyalarında bağlantı sürəti 20 Gbit/s-ə çatdırılmış, alternativ xətlər bərpa edilmişdir. Abonent məmnuniyyəti çərçivəsində daxil olan 527 texniki müraciət orta hesabla 8 iş saatı ərzində operativ həllini tapmışdır. Eyni zamanda, 10-dan çox kənddə xətt təsərrüfatı texniki normalara gətirilmişdir.
Qax Kommunal Müəssisələri Kombinatı şəhərin təmizliyi və estetik görünüşü üçün gücləndirilmiş rejimdə çalışaraq, hər gün 11 marşrut üzrə texnika xəttə çıxarmaqla rüb ərzində 4370 m³ məişət tullantısı poliqona daşınmışdır və bu işlər bu gün də davam etdirilir.
Yaşıllaşdırma tədbirləri çərçivəsində rüb ərzində 202 daş palıdı, 122 oleander, 286 qızılgül kolu və digər bəzək bitkiləri əkilmiş, qazon örtükləri bərpa edilmişdir. Şəhərin işıqlandırma şəbəkəsində 3257 nöqtəyə fasiləsiz xidmət göstərilmiş, sakinlərin müraciətləri əsasında Qara Qarayev, Cəlal Əliyev və Cavanşir Rəhimov küçələrində yeni işıqlandırma sistemləri qurulmuşdur. "İçəri Bazar" küçəsində bərpa işləri aparılmış, tarixi qapı və eyvanların estetik görkəmi yenilənmişdir. Həmçinin müəssisə tərəfindən işsiz vətəndaşların məşğulluğuna dəstək verilmiş, 2 nəfər işlə təmin olunmuşdur.
Qax rayonunda icra olunan bu genişmiqyaslı tədbirlər sakinlərin rifahının yüksəldilməsinə və rayonun infrastruktur potensialının gücləndirilməsinə xidmət edir.






