Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xalqa bağışlanan ömür

12 dekabr 2022 | 17:28

     Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.

     Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.

Onun 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşının özünə qayıdışı, milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

     Bu illərdə Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda coşqun quruculuq işlərinə başlandı, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi.

      Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünki dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu.

      Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin həmin illərdə apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev 70-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi.

      Həmin illərdə bir çox çətinliklər bahasına Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasını böyük hadisə adlandırmaq olar. ümummilli liderimiz Azərbaycanın müstəqilliyinə inandığı üçün gələcək dövlətimizin hərbi potensiala ehtiyacını nəzərə alıb bu addımı atmışdı. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Müstəqil dövlətin gənc ordusu məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi sayəsində formalaşmağa başladı.

      1969-1982-ci illər Azərbaycanda çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.

      Vətənini, xalqını hədsiz məhəbbətlə sevən böyük öndərimizin bilavasitə şəxsi təşəbbüsü ilə müasir Azərbaycan memarlığının şah əsərləri sayılan və respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə möhtəşəm binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldılmışdır.

      Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanmış strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Həmin dövrdə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətin nəticəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu.

     Sonralar sovetlər birliyi kimi fövqəldövlətin rəhbərliyinə yüksələn Heydər Əliyev heç bir qüvvənin onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir olmamasını bir daha sübut etməklə, bütün türk dünyasının fəxrinə çevrildi. Bu nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev Azərbaycanı öz timsalında bütün dünyaya tanıtdı, onun bu yüksək vəzifədə fəaliyyəti ölkəmizin sovetlər birliyinin bütün imkanlarından maksimum bəhrələnməsini şərtləndirdi.

      Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onun vəzifədən uzaqlaşdırılmasına nail oldular, «sapı özümüzdən olan baltalar» isə      Azərbaycana qayıdışına maneələr törətməyə başladılar.

     Belə bir şəraitdə bu dəmir iradəli insan xalqının ağır vəziyyətində onunla bir yerdə olmaq üçün bütün məhrumiyyətlərə qalib gəldi və həmin vaxtlar öz tarixinin ən ağır dövrlərini yaşayan Naxçıvana dönməyə nail oldu.

     Maraqlıdır ki, həmin dövrə nəzər salarkən dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığının şahidi oluruq. Məsələn, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.

     1991-ci ildə Azərbaycanda təhlükəli bir vəziyyət yaranmışdı. ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsindəydi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü, Heydər Əliyevin qurub-yaratdığı iqtisadi potensial amansızcasına dağıdılırdı.

     Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmış, ölkəmiz real vətəndaş müharibəsi və seperatçılıq meylləri ilə üz-üzə qalmışdı. Yenicə müstəqillik əldə etmiş ölkəmiz bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı. 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının ömrü cəmi 23 ay çəkdi, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi.

      Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı, amma şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan hakimiyyət hərisləri bütün gücləri ilə buna mane olur, silahlı dəstələr yaradırdılar. Həmçinin, bütün güc strukturlarının siyasiləşməsi ölkədə dövlət və dövlətçilik üçün böyük təhlükə olan cəzasızlıq şərati yaratmışdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Yalnız ümimmilli liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin edə bilər, xalqımızı müstəqilliyin azad inkişaf yoluna çıxara bilər.

     Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

      1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının dəyişməsinə aparan yolun başlanğıcı oldu. Hər hansı siyasi partiyanın yarandığı vaxtdan keçən, qısa müddət ərzində, hakimiyyətə gəlməsi tarixdə çox nadir hallarda rast olunsa da, YAP cəmi altı ay sonra hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi.

      1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmışdı. Fürsətdən istifadə edən erməni hərbi birləşmələri torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşımız öz torpaqlarında qaçqına, didərginə çevrilirdi.

       Amma Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: «Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır». Təbii ki, bu gün hər birimiz bunun şahidləriyik.

      1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi pluralizm, söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi, Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı.

       Əlbəttə, bunların heç biri asan başa gəlmədi. Bu tərəqqini qısqanclıqla qarşılayan bəzi daxili və xarici qüvvələr ümummilli liderimizə sui-qəsdlər etməkdən belə çəkinmirdilər.

        Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda «Əsrin müqaviləsi» kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Bütün bunlar Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrələridir, onun parlaq səhifələridir.

        Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azrbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi.

        «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam» - deyən ulu öndərimiz 2001-ci ilin noyabrında Bakıda bütün dünya azərbaycanlılarının I qurultayının keçirilməsinə nail oldu.

         Bu gün erməni təcavüzkarlarının törətdiyi, qəddarlığına və amansızlığına görə misli görünməyən faciələrin mahiyyəti, zaman-zaman Azərbaycana qarşı törədilən terror aktları, soyqırım siyasəti dünya ictimaiyyətinə çatdırılır, Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün səylər göstərilir. Bütün bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyevin formalaşdırdığı Azərbaycan lobbisinin də xidmətləri var. Bu ümummilli liderimizin siyasi uzaqgörənliyinin nəticəsidir, onun ideyalarının təntənəsidir.

         Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi hüquqi sahədə də köklü islahatlar aparılmağa başlandı. Bu islahatların həyata keçirilməsinin əsasını «Heydər Əliyev Konstitusiyası» kimi tarixə düşən, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyamız qoymuş oldu. Konstitusiya müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl və keyfiyyətlə aparılması üçün Hüquqi İslahat Komissiyası yaradıldı.

         Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Əsrlər boyu yaşayacaq möhtəşəm abidədir. Şübhə yoxdur ki, xalqımız bu abidəni yaradanı özünün tarixində və qəlbində əbədi yaşadacaqdır.

       Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq, müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır.

         Azərbaycan Respvublikasının Prezidenti kimi cənab İlham Əliyev ilk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirməklə xalqın böyük ehtiramını qazanmış, qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirilmiş, hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğılı münasibət göstərilməsi bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulmuşdur.

     Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bü isə ümummilli liderimiz Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir.

      Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Zəfərimizin memarı, Prezident İlham Əliyev Ümummilli Liderin 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı layiqincə doğruldaraq bütün dünyaya güclü Azərbaycan modelini təqdim etdi. Ulu Öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları reallaşdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. İlham Əliyev 19 illik Prezidentliyi dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəltdi, ordumuzu Qələbəyə hazırladı, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırdı. 17 ildə görülən işlər, atılan qətiyyətli addımlar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” reallığını fəxrlə, qürurla bəyan etməsi ilə nəticələndi.

      Yaxın günlərdə çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan Zəfərimizin ikinci ildönümünü sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik. Vətən müharibəsinin davam etdiyi 44 gündə 30 ilin işğalına son qoymaq böyük səylərin, qətiyyətin, bir sözlə, müstəqil siyasətin nəticəsidir

        Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

        Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.

       Heydər Əliyevin Azərbaycanla, xalqımızla bağlı arzuları bitib-tükənməz idi, Vətənə, xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı nöqtəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı və bu yolda ömrünü şam kimi əritdi. Lakin özü ərisə də, xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Müstəqil Azərbaycan dövləti yaşadıqca Heydər Əliyev də xalqımızın qəlbində yaşayacaqdır. Bu dahi şəxsiyyətin əbədi yaşar ideyalarından, zəngin dövlətçilik təcrübəsindən öyrənmək zərurəti həmişə duyulacaqdır.         Qədirbilən xalqımız öz ulu rəhbərini heç vaxt unutmayacaqdır.

 

Keçidlər